Bu gün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib. Budəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib. Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-ı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.
Özəlləşdirilmiş 3 iri dövlət müəssisəsindən “SAM” səhmdar cəmiyyəti sənaye, “İsmayıllı Kəndkimya” ASC aqrar, “Zaqatala Avtonəqliyyat” ASC isə nəqliyyat sahəsinə aid olan müəssisələrdir. Zaqatala Avtonəqliyyat İdarəsi 39214 AZN-ə, İsmayıllı rayonu Muğan kəndində yerləşən “SAM” Səhmdar Cəmiyyəti 54538 AZN-ə, İsmayıllı rayonu Enişdibi kəndində yerləşən “İsmayıllı Kəndkimya” ASC 53080 AZN-ə satıldı.
“İsmayıllı Kəndkimya”nın yeni sahibi: “Hərrac çox şəffaf keçirildi”
“İsmayıllı Kəndkimya” ASC-nin sahibi olan Məharət Hacıyev hərracın çox şəffaf və obyektiv keçirildiyini söyləyib: “Cənab prezidentə sahibkarlar üçün yaratdığı imkana görə təşəkkürümü bildirirəm. Hərrac barədə internetdə məlumat əldə etdim, düzü belə elanı çoxdan gözləyirdim. Səhmdar cəmiyyətin sahibi olmaq üçün tələb olunan sənədləri təqdim etdim və hərraca qatıldım. Çox şadam ki, bugünkü hərracın qalibi seçildim”.
Hərracda satılmış kiçik dövlət müəssisə və obyektlərindən 6-ı paytaxtda, 2-i Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-i Gədəbəydə, 1-i Xaçmazda və 2-i isə Gəncə şəhərində yerləşir. Bu əmlakların 9-u ticarət obyekti, qalanları xidmət və ictimai iaşə sahəsinə aid olub. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı Bakı şəhərində yerləşir. Hərracda əmlak sahibi olan fiziki və ya hüquqi şəxs kiçik investisiya ilə yeni biznes fəaliyyətinə başlaya və özəlləşdirdiyi əmlakı digər formalarda gəlir mənbəyinə çevirə bilər.
42 minlik çayxana, 25 000 AZN-ə qutabxana özəlləşdirildi
Bakı şəhərindəki istifadəsiz olan daşınmaz dövlət da əmlakı hərraca çıxarılıb. Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən, sahəsi 320, 6 kv metr olan 25/1 saylı mağaza 25 500 AZN-ə, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, sahəsi 137 kv metr olan 10 saylı qutabxana 25 500 AZN-ə, həmin qəsəbədə yerləşən ümumi sahəsi 232,9 kv metr olan 2 saylı çayxana 42 500 AZN-ə, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ümumi sahəsi 71, 5 kv metr olan 6 saylı çayxana 15 000 AZN-ə, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 701 kv metr olan 34 saylı qarışıq mallar mağazası 68 000 AZN-ə, həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən ümumi sahəsi 256,6 kv metr olan 54 saylı qarışıq mallar mağazası isə 53550 AZN-ə satıldı.
Daxili İşlər Nazirliyinin 5 avtomobili satıldı
Bundan başqa avtomobillər də satışa çıxarılıb. Hərraca çıxarılan 22 avtomobildən cəmi 9-u sifariş edilib. Yerdə qalanlar isə sahibinin sərəncamına qaytarılıb. Satılan nəqliyyat vasitələrindən 5-i Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə tabe olan Avtomobil Təsərrüfatına aid avtomobillər oldu. Həmin avtomobillərdən 2 “UAZ-3741” avtomobili 2293 və 1911 AZN-ə, “Fiat Combi” və “Fiat Doblo” avtomobillərinin hər biri 3600 AZN-ə, “BMW 520” avtomobili isə 6700 AZN-ə satıldı.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinə məxsus “Nissan Teana” markalı avtomobil 4883 AZN-ə, Kəlbəcər rayon İcra Hakimiyyətinə məxsus “VAZ-21154” avtomobili 3056 AZN-ə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə məxsus “KİA Magentis-Optima” avtomobili 3584 AZN-ə, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə məxsus “Cherry A5” avtomobili 1600 AZN-ə yeni sahibinə satıldı.
20 manatlıq çamadan, boş sandıqçalar, noutbuk və telefonlar
Bu gün, eyni zamanda, Hərracların Təşkili üzrə Auksion Mərkəzində dövlət nəfinə müsadirə edilmiş əmlaklar da satışa çıxarılıb. Bu əmlaklar sırasında müxtəlif markalı kompüterlər və mobil telefonlar, hərəsi 5 manat dəyərində olan boş sandıqçalar, 20 manatlıq çamadan, 1 manat dəyərində olan danışıq kartları, Şəmkir, Neftçala və Sabirabad rayonlarında müxtəlif ov tüfəngləri auksiona çıxarılsa da, cəmi 1 ov tüfəngi üçün sifariş verilib və hərrac zamanı satılıb.
Qeyd edək ki, hərracda iştirak edən iddiaçılardan satışa çıxarılmış əmlak üzrə hərrac qaydalarına əsasən ən yüksək qiyməti təklif edənlər hərracın qalibi elan olunub. Bu qaliblər hərrac protokolu və alqı-satqı müqaviləsini imzalayaraq əmlak sahibi olublar.
Xatırladaq ki, hərracdan sonra bu vətəndaşların özəlləşdirdikləri əmlak üzərində mülkiyyət hüquqlarının təsdiqinə dair dövlət reyestrindən çıxarışlar da qısa müddətdə vətəndaşlara təqdim olunacaq.
Hərrac noyabrın 1-də keçiriləcək və 101 dövlət əmlakı satışa çıxarılacaq.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etməyə imkan verəcək.
Nərgiz Ehlamqızı