“Rusiya Ədalət Təşəbbüsü” (Pravovaya İnitsiativa po Rossii) təşkilatı Dağıstan Prokurorluğuna respublika sakinlərinin anonim şəkildə verdiyi 42 müsahibəni təqdim edib. Müsahibədə geniş yayılmış qadın sünnəti barədə danışılır. Təşkilatda bunu cinsi əməliyyat adlandırırlar.
"Qızların cinsiyyət orqanlarında əməliyyatların aparılması" barədə hesabat 2016-cı ilin avqustunda Dağıstanda aparılan tədqiqat nəticəsində meydana çıxıb. Tədqiqata görə, Dağıstan kəndlərində dünyanın bir çox ölkələrində qadağan olunan qadınların sünnəti bu günə qədər davam etməkdədir.
Sünnət əməliyyatlarının ən çox Dağıstanın ucqar kəndlərində həyata keçirildiyi qeyd olunub. 3 və daha yuxarı yaşlarda uşaqlarda aparılan bu əməliyyatlar bir qayda olaraq ev şəraitində keçirilir.
Qadınların sünnət olunmasının İslam dini ilə əlaqəsi varmı?
İlahiyyatçı Elşad Miri Teleqraf.com-a açıqlamasında qadın sünnətinin İslam dini ilə heç bir əlaqəsinin olmadığını deyib: "Qadın sünnəti adətən, Afrika qitəsində və Ərəbistan yarmadasında, ərəblərin yaşadığı yerlərdə baş tutub. Qadınların sünnət olunması barədə İslamda məlumat yoxdur. Din tarixində Məhəmməd peyğəmbərin bu haqda dediyi bir-iki söz qalıb. Ancaq həmin hədislərin səhih olub-olmadığı bəlli deyil”.
Elşad Miri qeyd edib ki, Azərbaycanda belə bir ənənə olmayıb: “Ölkəmizdə qadınların sünnət olunması hallarına rast gəlinməyib. Belə bir ənənənin olduğuna inanmıram”.
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, qadınların sünnət olması məsələsi son zamanlar vəhhabi təriqətindən olan ailələrdə təbliğ edilən bir ayinə çevrilib: “Bizim ölkədə bu haqda danışılmasa da, bir neçə il bundan əvvəl Zaqatala və Qusar rayonlarından bir neçə faktla bağlı sosial şəbəkələrdə müzakirə aparılmışdı. Biz Qusarda qadınlar arasında bu barədə söhbət etsək də, deyilən faktlar təsdiqini tapmadı. Ya qadınlar bu barədə susdu, ya da biz həmin ailələrə çıxış tapa bilmədik. Nəticədə məsələni ictimailəşdirmədik”.
Mehriban Zeynalovanın sözlərinə görə, Dağıstan qonşu ərazi olduğu bu cür halın bizim ölkəyə sirayət etməsi mümkündür: “Rayonlarda bu mövzuda maarifləndirilmə aparılmalıdır. Qeyri-Hökumət Təşkilatları öz tədbirlərində bu məqamın qadın və qızlara verdiyi zərərdən danışmalıdırlar”.
Ginekoloq Ləman Əliyeva deyir ki, qızlarda sünnət vaxtı ölüm faizi yüksək olur: “Bu əməliyyat yetkinlik yaşına çatmayan qızlarda cinsi həvəsi azaltmaq və tam öldürmək məqsədlə edilir. Ölüm faizi çox yüksəkdir.
Bu, çox ağrılı əməliyyatdır. Qan itirməsindən qadın şoka düşə, nevroz ola bilər. Sünnət zamanı uretra və anus zədə ala bilər. Sonradan əməliyyat yerində ciddi çapıqlar əmələ gəlir ki, bu da sidiyə çıxan zaman və adət hallarında çətinliyə getirib çıxarır. Qadını sünnət etmək cahillikdir”.
İlhamə ƏBÜLFƏT