“Xərçəng xəstələri arasında 40 il yaşayanlar da olur”.
Teleqraf.com xəbər verir ki, bunu CBC-yə açıqlamasında Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.
Onun sözlərinə görə, xərçəng xəstəliyinin yaranma səbəbi bu gün dünyada tam məlum deyil: “Müəyyən amillər, müəyyən faktorlar - risk faktorları var ki, bu xəstələliyin əməl gəlməsində müəyyən rol oynayır. Amma xəstəliyin etiologiyası tam naməlum, sirr olaraq qalır. Elə bir xəstəlik yoxdur ki, birinci özündən iz buraxmasın”.
Baş onkoloq deyir ki, onkoloji problemlər həmişə olub: “İnsan yarandığı gündən digər xəstəliklərlə yanaşı, onkoloji xəstəliklər də, onkoloji problemlər də olub. Xəstəlikdən qorxub çəkinmək lazım deyil. Xəstəliyin birinci-ikinci mərhələsində tam sağalmaq olur. Mən üçüncü mərhələdə olan xəstələri qorxutmuram.
Elə xəstəmiz var ki, üçüncü mərhələdə olduğu halda17 il yaşayıb. Dünyasını isə tamam başqa səbəbdən dəyişib”.
Azad Kərimli qeyd edib ki, bu xəstəliklərə çox vaxt yaşı 50-dən yuxarı olan insanlar tutulur: “Amma daha gənc yaşlarda da bu xəstəliklərdən əziyyət çəkənlər var. Xoşbəxtlikdən, yaşlılarla müqayisədə uşaqlar çox vaxt bu xəstəliklərdən müalicə olunurlar.
İnanın mənə, xərçəng sözündən qorxmaq lazım deyil, çünki erkən mərhələdə müalicə olunan xəstəlikdir. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirləri vacib sayıram, xanımlara 35-40 yaşından sonra mammoqrafiyadan keçməyi məsləhət görürəm”.