15 Mart 2017 10:55
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı tərəfindən çox sevilən Mehriban Əliyeva bu Qafqaz ölkəsində Respublikanın Birinci vitse-prezidenti təyin edilmişdir. Təyinata qədər ölkənin Birinci xanımı kimi Mehriban Əliyeva Asiya və Avropanın qovşağında yerləşən və 1918-ci ildə müsəlman Şərqində qadınlara ilk dəfə seçki hüququ verilmiş bu ölkənin siyasi həyatında mühüm rol oynamışdır.

Xanım Əliyeva öz yüksək intellektini hər zaman öz xalqının, xüsusilə də qadınların xidmətinə həsr etmişdir. İxtisasca həkim olan və bu sahədə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi olan Mehriban Əliyeva 2005-ci ildən millət vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Həmçinin idman dünyasında da fəaldır və 2002-ci ildən Gimnastika Federasiyasının rəhbəridir. Azərbaycanın paytaxtında böyük müvəffəqiyyətlə keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olmuşdur. Habelə cari il iyun ayında Bakıda keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunlarının təşkili də məhz onun rəhbərliyi altında həyata keçirilməkdədir. Olimpiya dəyərlərinin təşviqi sahəsində göstərdiyi xidmətlərə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunmuşdur.

Mehriban Əliyeva, həmçinin Respublikanın keçmiş prezidenti və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə xalqın ehtiramını ifadə etmək arzusu əsasında yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit, sosial və sairə sahələrdə müxtəlif layihələr həyata keçirməklə ölkədə yeni cəmiyyətin qurulmasında fəal iştirak edir, ölkənin sosial və iqtisadi tərəqqisinə töhfə verir. Fond Müqəddəs Taxt-Tac və İtaliyada mədəni irsin bərpası və mühafizəsi sahəsində gördüyü işlərə görə də çox tanınır. Fond və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq 22 iyun 2012-ci ildə Roma Papasının Mədəniyyət üzrə Şurasının binasında Heydər Əliyev Fondu və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurası arasında Roma dövrünə aid Müqəddəs Marçellinio və Pietro katakombalarındakı çoxsaylı kubik rəsmlərin bərpasına qrantın ayrılmasına dair müqavilənin imzalanması ilə başlamışdır. Xanım Əliyeva 2015-ci ildə Papa Fransis tərəfindən qəbul edilmişdir ki, bu da Müqəddəs Taxt-Tacın Heydər Əliyev Fondu tərəfindən görülmüş işlərə, həmçinin Azərbaycanın multikulturalizm modelinə, bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı rola verilən yüksək qiymət olmuşdur. Fondun xidmətləri sayəsində müsəlman, lakin dünyəvi bir ölkənin xristian abidələrinin bərpa və mühafizə etməsinin şahidi olduq. Heydər Əliyev Fondu “Buon Pastore”, “Orfeo”, “Noe”, “Casta Susanna”, Müqəddəs Marçellinio və Pietro katakombalarındakı freskaların bərpası layihələrinə maliyyə töhfəsi vermişdir və hal-hazırda da yeni layihələrin həyata keçirilməsi üzrə işlər davam edir.

Bundan əlavə, Fond tərəfindən bir sıra italyan şəhərlərində keçirilmiş və Mehriban Əliyevanın da qatıldığı mədəni tədbirlər İtaliyanın dostu olan bu ölkənin zəngin tarixi-mədəni irsinin təbliğində mühüm rol oynamış, həmçinin hər iki xalqı mədəniyyət, incəsənət və musiqi vasitəsilə yaxınlaşdırmışdır. Azərbaycanın coğrafi qonşularının vəziyyəti və onların xarici siyasəti barədə düşünərkən, Azərbaycanın multikulturalizm modelinə heyran olursan və müvafiq olaraq bu regionun beynəlxalq aləmdə tutduğu mühüm rolu anlayırsan.

Xanım Əliyevanın Azərbaycanın Birinci Vitse-Prezidenti təyin edilməsi, həmçinin ölkədə qadına verilən dəyərin təzahürüdür ki, buna sadəcə olaraq maraq və heyranlıqla yanaşıla bilər. Bu, həm də yalnız bu ölkənin yox, eləcə də başqa ölkələrin qadınları üçün zəhmətkeşlik, etibarlılıq və peşəkarlıq modeli olacaqdır. Əminik ki, bu təyinat Azərbaycanın daha da inkişafı və tərəqqisinə, həmçinin bu Qafqaz ölkəsinin İtaliya və Müqəddəs Taxt-Tacla əla səviyyədə olan münasibətlərinin daha da güclənməsinə təkan verəcəkdir.

Domeniko Letisiya,
“Azərbaycanın Mərkəzi Cənubi İtaliyada dostları” assosiasiyasının sədri

Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.opinione.it/esteri/2017/03/14/letizia_esteri-14-03.aspx


Müəllif:

Oxşar xəbərlər