30 Mart 2017 15:47
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsadüf olub-olmadığını deyə bilmərik, amma elə alınıb ki, 1990-cı illərdən indiyədək Rusiya xarici siyasət idarəsinə rəhbərlik edən üç şəxsin uşaqlıq illəri Qafqazla bağlı olub.

1996-1998-ci illərdə Rusiya XİN-ə rəhbərlik edən Yevgeni Primakov (1929-2015) Kiyevdə anadan olub. Ancaq onun uşaqlıq və gənclik illəri Tiflisdə keçib. XX əsrin sonlarında o, öz memuarında yazırdı: “Mən Tiflisdə böyümüşəm, bu şəhəri, bu ölkəni çox sevirəm. Mənim üçün çox ağırdır ki, təyyarəyə oturub bir günlüyə ora uçub geri qayıtmağı özümə rəva görə bilmirəm. XİN-in rəhbəri postundan getdikdən sonra mütləq bu cür səyahət edəcəyəm”.

Y.Primakov Bakını da doğma şəhəri sayırdı. O, 1944-cü ildə Bakı hərbi-dənizçilik məktəbinə daxil olub. Rusiyanın bu məşhur dövlət xadimi öz xatirələrində yazırdı: “Yeddinci sinfi bitirdikdən sonra anama dedim ki, Bakı hərbi-dənizçilik məktəbinə daxil olmaq istəyirəm. Anamı əvvəlcə düşünməyə razı saldım, sonra icazə verdi. Mən məktəbdə, birbaşa deyim ki, asan olmayan iki il keçirdim, “Pravda” təlim gəmisində təcrübə keçdim. Adaptasiya prosesinin bütün çətinliyinin keçdiyi məlum olduqdan sonra sağlamlıq durumuma görə məktəbdən uzaqlaşdırıldım. Məlum oldu ki, mən vərəmin ilkin mərhələsindəyəm”.

2004-cü ildən Rusiya diplomatlarına rəhbərlik edən Tiflis ermənisinin oğlu Sergey Lavrov da Qafqaz kökənli olduğunu gizlətmir. 2005-ci ildə Rusiya-Erməni Slavyan Universitetində tələbələrlə görüş zamanı bir tələbə Lavrovdan soruşur: Erməni kökənli olmağınız sizə işdə kömək edirmi? Lavrov cavab verir: “Mən ümumiyyətlə, kökəncə gürcüyəm– mənim atam Tiflisdəndir, ancaq qanım həqiqətən erməni qanıdır”.

S.Lavrovun XİN başçısı postunda sələfi İqor İvanov (1998-2004) Moskvada doğulmasına baxmayaraq, 7 yaşınadək – SSRİ paytaxtındakı Aleksandr Suvorov adına hərbi məktəbə daxil olanadək Gürcüstanda yaşayıb. Onun anası Eliko (Yelena) Saqiraşvili Pankisi dərəsinin Əhməd kəndində doğulmuş gürcü qızı idi.

“Biz beş nəfər idik: Eliko ən böyüyümüz idi, o, 1909-cu ildə doğulmuşdu, mən isə ən kiçik idim – 1925-ci ildə doğulmuşam. Eliko çox bacarıqlı idi. Onu Moskvaya oxumağa göndərdilər. O, orda Sergey İvanovla tanış oldu, onlar evləndilər. Onların uşaqları İqor və Nina böyüyənədək hər yay mənim yanımda yaşayırdılar. Eliko milis mayoru rütbəsinədək xidmət etdi. O, Moskvanın Sovet rayonunun Dövlət Avtomobil Müfəttişliyinin rəisi idi”, deyə İ.İvanovun dayısı Levan Davidoviç Saqiraşvili deyir.

Yelena Davidovna 1982-ci ildə Moskvada vəfat edir. Onu orda da dəfn edirlər. Ancaq İqor İvanovun atası barədə danışırlar ki, o, hansısa dövrdə Azərbaycanda yaşayıb və orda da vəfat edib. Rusiya XİN-in əlçatan sənədlərində keçmiş baş diplomatın ata babasının adı barədə heç nə xatırlanmır. Yazılır: “Sergey İvanov – hərbi kadr, polkovnik”. Bununla yanaşı bəzi mənbələrə görə İqor İvanovun atasına Sergey Vyaçeslavoviç deyə müraciət ediblər. Ancaq “Rusiya hamı üçün” portalının məlumatına görə, o, Sergey Yemelyanoviçdir. Sonuncu məqam öz təsdiqini tapmayıb, ancaq maraqla qarşılanır.

Sergey Yemelyanoviç İvanov uzun illər Azərbaycanın Saatlı rayonunda yaşayıb işləyib. O, 1975-ci ildə burada vəfat edib və dəfn olunub. Böyük Vətən müharibəsi illərində İvanov dəmiryol infrastrukturunun bərpası işində iştirak edib. 1943-cü ildə bu sfera hərbiləşdirilir. İvanov dəmiryol qoşunlarında xidmətə qəbul edilir və zabit rütbəsi alır. Azərbaycana gəldikdən sonra o, dəmiryolçular üçün inşa olunmuş evdə yaşamağa başlayır. Saatlıda Sergey Yemelyanoviçin başqa ailəsi olur.


“Mən eşitmişdim ki, onun başqa qadından oğlu var. Hansı ki, həmin oğlan yüksək dövlət vəzifəsində çalışır. Ancaq Sergey özü bu barədə heç vaxt danışmazdı, biz də soruşmazdıq. O, əsasən müharibə və oxuduğu kitablar barədə danışardı. O, şən, xoşqəlbli insan idi. İndiki kimi xatırlayıram, mənim qızım müharibə barədə şeir oxuyanda onun gözləri yaşla dolurdu”, deyə Saatlı sakini Müzəffər Məmmədov bildirir.

Uzun illərdir Saatı rayonunun ictimai həyatında mühüm rol oynayan, hazırda 62 saylı Saatlı seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri vəzifəsini daşıyan Arif Əliyev mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verib. O qeyd edib ki, İ.İvanovun atası ilə bağlı yazılanlar tam dəqiq məlumatdır: “Sergey İvanovla bağlı yazdıqlarınız Saatlı şəhərinin mərkəzində yerləşən keçmiş 33 saylı dəmiryol beynəlmiləl orta məktəbində direktor işlədiyim illərdən mənə məlumdur. Onun qəbri həqiqətən Saatlının mərkəzindəki xristian qəbristanlığında yerləşir. Sergey İvanov göstərdiyiniz fotodakı binada yaşayıb. Onun qəbri yol kənarında olduğu üçün Bakıdan gəlmiş çox sayda insana göstərmişəm”.

Ancaq Arif Əliyev deyir ki, Rusiyanın keçmiş xarici işlər nazirinin atasını şəxsən tanımayıb və həyatda görməyib: “Bu da təbiidir. Çünki o, yaşca məndən çox böyük olub”.

Yerli sakinlər onu da bildirirlər ki, 1960-cı illərdə İqor İvanov Bakıya gəlib, burda doğma atası ilə görüşüb. Sergey Yemelyanoviç öləndə İqor Sergeyeviç uzaqlarda idi – SSRİ-nin İspaniyadakı səfirliyində işləyirdi (1973-cü ildə SSRİ XİN-ə diplomatik xidmətə qəbul olunan İqor İvanov həmi ildən 1978-ci ilədək SSRİ XİN-in 1-ci Avropa şöbəsinin ikinci katibi, Madriddəki ticarət nümayəndəliyinin baş müşaviri, SSRİ-nin İspaniyadakı səfirliyinin birinci katibi vəzifələrində çalışıb – S.Həmid).

“Mən bura daha əvvəl gəlməli olduğuma dair ünvanıma səsləndirilən bütün tənqidləri büsbütün qəbul edirəm. Bunun səbəblərini axtarmağa çalışmayacam. Əfsus, heyhat... Etmək mümkün olmadı”, - İqor İvanov bunu Rusiya Federasiyasının xarici işlər naziri vəzifəsində çalışarkən, 2 sentyabr 1999-cu ildə Bakıya səfəri zamanı bəyan edir. O, bunu deyərkən ancaq dövlətlərarası münasibətləri nəzərdə tuturdumu? Bu, müəmma bugünədək qalmaqdadır.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər