17 Aprel 2017 13:18
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-ü axşam saatlarında Güney Azərbaycanın Azərşəhr, Əcəbşer, Marağa, Binab, Sarab, Təbriz, Urmiyə, Üşnəviyyə və Sulduz kimi şəhərlərində baş verən sel fəlakəti çox sayda insanın ölümünə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində ölən şəxslərin sayı 43-ə çatıb. Onlardan 42-i Şərqi Azərbaycan, 1-i isə Qərbi Azərbaycan sakinidir.

Bu barədə Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbistəri məlumat verib: “Azərşəhrdə 22, Əcəbşerin Çinar kəndində isə 20 nəfər itkin düşmüşdü. Azərşəhrdə 19, Əcəbşerdə isə 18 cəsəd tapılıb. İtkin düşən 5 nəfərin axtarışı isə davam edir”.

Daxili İşlər Nazirinin müavini və Böhran Müdriyyəti Təşkilatının rəisi İsmail Naccar isə bildirib ki, Çinar kəndində 12 ailənin evi tamamilə dağılıb, 18 evə də ciddi ziyan dəyib.

Şərqi Azərbaycanın Vilayətlərin Ali Şurasındakı nümayəndəsi Behnam Mofzefi də sel fəlakətinin bölgəyə vurduğu ziyandan danışıb: “Təbii fəlakət bölgəsində 105 ailə evsiz qalıb. Azərşəhr və Əcəbşerin iki qonşu kəndində yaşayan 100 ailənin evi daşqınlar altında qalaraq sıradan çıxıb, 5 ev isə Təbriz ətrafında sular altında qalaraq məhv olub”.


Şərqi Azərbaycan nümayəndəsi həmçinin vurğulayıb ki, onların araşdırmasına görə, selə məruz qalan əkin sahələrində 60 il müddətində heç nə əkib-becərmək mümkün olmayacaq. Bu, daşlı-palçıqlı selin bölgəyə vurduğu ciddi ziyanla bağlıdır.

Qərbi Azərbaycan Vilayətində yol və körpülər, su təsisatı və həmçinin kənd təsərrüfatına 1775 milyard rial (83 milyon AZN) məbləğində ziyan dəyib. Bu barədə Qərbi Azərbaycam Nəqliyyat və Yol İdarəsi, Qərbi Azərbaycan Kənlər üzrə Su və Kanalizasiya İdarəsi və Qərbi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatı tərəfindən qısa açıqlama yayılıb. Məlumata görə, Qərbi Azərbaycan Vilayətinin yollarına 250 milyard rial (11,8 milyon AZN), kəndlərin su təsisatına 25 milyard rial (1,2 milyon AZN) və kənd təsərrüfatı sahəsinə 1500 milyard rial (54 milyon AZN) məbləğində ziyan dəyib.

Bu arada cümə günü baş verən güclü qasırğa Ərdəbil, Səreyn və Meşginşəhrdə su və elektrik təsisatına ciddi ziyan vurub, bir sıra elektrik dirəkləri aşıb, nəticədə bəzi məntəqələrdə eleketrik enerjisi kəsilib.

Samir


Müəllif:

Oxşar xəbərlər