Teleqraf.com xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, sünnət əməliyyatının qeyri-professional şəxslər tərəfindən, uşaqları müayinə etməmiş, müvafiq şərait olmayan yerlərdə icra olunması ölümlə nəticələnir: “Düşünürlər ki, sünnət 5 dəqiqəlik işdir. Reallıq isə göstərir ki, sünnətin ölüm kimi ağır fəsadları ola bilər. Səhiyyə Nazirliyinin birmənalı mövqeyi odur ki, belə hallar yolverilməzdir. Ona görə əhaliyə tövsiyəmiz odur ki, sünnəti professional mütəxəssis həkim yerinə yetirməlidir ".
Nəsib Quliyev qeyd edib ki, insanlar arasında hələ də ləzgi dəlləyi tapıb sünnət etdirənlər var: “Onlar başa düşməlidir ki, bu, uşaq orqanizmidir, onunla necə istəsən rəftar eləmək olmaz. Uşaqlar bir qayda olaraq ya 2 yaşa qədər, ya da 5 yaşdan sonra sünnət olunurlar. Bunun tibbi izahı da var. 2-5 yaşlı uşaqlarda qorxu və stress baş verir. 2 yaşına qədər uşaqlar isə sünnətin mahiyyətini anlamır.
5 yaşından böyük uşaqları həkim başa salır ki, bu, qorxulu deyil və vacibdir. Uşaq da bunu qəbul edib hazırlaşır".
Nəsib Quliyev qeyd edib ki, uşaqları heç vaxt 40-i çıxmamış sünnət etdirmək olmaz: "Təəssüf ki, insanlar təkidlə özəl müəssisələrdə uşaqlarını sünnət etdirirlər. Dərk etmirlər ki, hələ təzə dünyaya gəlmiş uşağın adaptasiyası tam yekunlaşmamış olmaz.
Dünyada uşaqların neonatal - yenidoğulma dövrü ilə bağlı fikir mövcuddur. Bu, xristian dünyasının təklif etdiyi 28, müsəlman dünyasının təklif etdiyi 40 gündür. Elmi araşdırmalar göstərir ki, müsəlman dünyasında qəbul olunmuş 40 günlük dövr daha doğru variantdır".
İlhamə ƏBÜLFƏT