Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində danışıb.
Nazir bildirib ki, Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb edilən daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvarında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb: “Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər oldu.
Onlardan da 252-si qadın əməkdaşlarımız idi. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin edilirdi. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırıldı, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparıldı.
Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edildi. Hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırıldı.
Möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edildi”.