18 İyul 2017 17:12
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Şərq” qəzetinin redaksiyasında Azərbaycan mətbuat tarixini əks etdirən Mətbuat Muzeyinin açılışı olub.

Teleqraf.com xəbər verir ki, açılışda Milli Məclisin deputatları, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Cahangir Məmmədli, “Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və çoxsaylı jurnalistlər iştirak edib.

“Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının təşəbbüsü ilə bu ilin martından başlayaraq, Mətbuat Muzeyi ideyası həyata keçirilib. Üç ay gərgin zəhmətin nəticəsində “Şərq” qəzetinin giriş və foyesində, redaksiyanın 4 otağında Azərbaycan mətbuat tarixini əks etdirən eksponatlar asılıb.

Muzeydə 150-dən çox eksponat nümayiş olunur. "Şərqin" redaksiyasında 136 yaşlı “Ziya” qəzeti, “Molla Nəsrəddin”, “Dəbistan”, “İşıq”, “Məktəb”, “Zənbur”, “Yeni Qafqaziyyə”, “Türk izi”, “Türk amacı”, “Azərbaycan” kimi anadilli mətbu nümunələrin orjinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar toplanılıb. Muzeydə Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Əli Bəy Hüseynzadənin, Məhəmməd Şahtaxtlının, Mirzə Ələkbər Sabirin, Məhəməd Hadinin, Şəfiqə xanım Əfəndizadənin, Xədicə xanım Əlibəyovanın, Əlimərdabəy Topçubaşovun, Cəlil Məmmədquluzadənin, Məhəmmədəmin Rəsulzadənin, Xəlil İbrahimin, Üzeyir Hacıbəylinin, Əzim Əzimzadənin, Nəsir İmanquliyevin portretləri nümayiş olunur.

Eksponatlar sırasında Cənubi Azərbaycanda və Türkiyədə çap olunan anadilli jurnal və qəzetlər də qorunub saxlanılır. Azərbaycanın sovet dövrü jurnalistikası və müasir mətbuatın mənzərəsi də muzeydə əksini tapır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında oynadığı böyük rol da muzeyin giriş hissəsində əhatəli geniş ekspozisiyada nümayiş olunur. Mətbuat tarixinin önəmli şəxsiyyətləri olan böyük qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar da insanda zəngin təəssürat yaradır.

Muzeyin açılışı münasibəti ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Akif Aşırlı böyük iş görüb: “Vaxt gələcək deyiləcək ki, bu muzeyin əsası 2017-ci ilin 18 iyulunda “Şərq” qəzetinin redaksiyasında qoyulub. Məhz bu gün xatırlanacaq. Hesab edirəm ki, bu gün Azərbaycan mətbuatı üçün əlamətdar gündür. “Şərq” qəzetinin bu dar otaqlarında mediaya aid yüzlərlə eksponatlar yer alır. Onlardan təqribən 200 ədədi orijinaldır. Eləcə də çoxlu sayda orijinal fotolar və sənədlər var. Vaxt gələcək ki, bu orijinal eksponatlar böyük bir muzeyə daşınacaq. Bu ideyanın müəllifi və təşəbbüskarı dostumuz Akif Aşırlıdır. Biz bir dəfə Akif bəylə İstanbulda olduq, Akif bəy hətta orada öz pulu ilə çoxlu sayda eksponat aldı”.

Tanınmış jurnalist, BDU-nun Jurnalistika Fakultəsinin sabiq dekanı Cahangir Məmmədli “Şərq” qəzetinin Üzeyir bəy və Zərdabi ənənəsinə, millim mənəvi dəyərlərə söykəndiyini bildirdi: “Bu qəzet BDU-nun tələbələrinin qəzetidir. Bu muzeyi təşkil etmək üçün bir şey lazım idi - qəzetin rəhbəri və əməkdaşlarının içində vətəndaşlıq sevgisi olmalı idi. Bu muzeyin açılışı və bura çəkilən əziyyət onların vətəndaşlıq sevgisindən doğur”.

Deputat Elmira Axundova isə çıxışına Elmira Əmrahqızı haqqında kitab yazdığını deməklə başlayıb: "Onunnun siqnal nüsxəsini buraxırıq. Kitabda burada iştirak edən insanların da xatirələri var. Bizdə belə fədakar jurnalistlər var. Mən Akif Aşırlıya hər zaman hörmətlə yanaşmışam, amma bilməzdim ki, indi belə fədakar jurnalistlərimiz var. Biz gərək hamılıqla bunu edərdik. Ancaq Akif müəllim təkbaşına bunu edib. Bu muzey yaradılıb. Bizim borcumuzdur ki, bundan sonra əlimizdə olan eksponatları bura təqdim edək və muzeyi zəngiləşdirək. Şəxsən məndə bəzi eksponatlar var və sizə təqdim edəcəyəm. Mən təklif edirəm ki, cənab Prezidentə müraciət edək, bir bina ayrılsın və jurnalistikamızın muzeyini yaradaq. Fikrimcə, bu eksponatları Akif müəllimin ora təqdim etməsində problem olmaz. Bir şərtlə ki, orada eksponatları Akif müəllimin topladığı qeyd edilsin"”.

Sonda Akif Aşırlı belə bir muzeyin yaradılması ideyasının bir neçə il əvvəl gündəmə gəldiyini deyib: “Mən bu haqda düşünürdüm. Türkiyədə olanda mətbuat muzeyinə baş çəkdik. Artıq onda düşünürdüm ki, bizdə niyə belə bir muzey olmasın? O vaxtdan ayrı-ayrı eksponatlar alır, nümunələr toplayırdım. Sonra hesab etdim ki, əldə edilən eksponatları “Şərq” qəzetində sistemləşdirək. Bu muzeyin yaradılmasında bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Məxsusi olaraq cənab Prezidentə təşəkkür edirəm ki, belə bir şərait yaradıb. Əflatun müəllim bir neçə dəfə bura baş çəkib. Deputat Cavanşir Feyziyevə təşəkkür edirəm, bizə dəstəyi olub. Xalq şairi Nəriman Həsənzadə eşidəndə belə bir iş görürük, bir aylıq prezident təqaüdünü bizə göndərdi. Burada Mikayıl Bozarqanlı var, 4 şəxsiyyətin portretini bizə təqdim edib”.

A.Aşırlı deyib ki, Xəlil İbrahimin qızı Gülər xanım iki saat muzeydə olub, lakin səhhəti imkan vernmədiyi üçün sona qədər tədbirdə iştirak edə bilməyib: “Ağamalı Sadiq Əfəndinin həyat yoldaşı Nabat xanım buradadır və bizə Ağamalı Sadiq Əfəndinin saatını və qələmini təqdim etdi. Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla xanım buradadır. O da bizə babası ilə bağlı sənədlərini təqdim edib. Lalə Osmanqızı buradadır və bizə böyük dəstək verib. Burada çoxlu sayda həmkarlarımız iştirak edir. Aydın Camalqızına, digər həmkarlarıma təşəkkür edirik”.

Daha sonra iştirakçılar muzeydə olan eksponatlarla tanış olub.


Müəllif: Cavad

Oxşar xəbərlər