Bunu Teleqraf.com-a mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni, BAB sədri Aqil Səmədbəyli sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində işlətdiyi fikirlərə cavab verərkən deyib.
Aqil Səmədbəyli bildirib ki, Rəhim Qazıyevin onun barəsində “müharibə gedərkən ölkədə olmaması, fərarilik etməsi” kimi iddiaları əsassız və mənasızdır: “Mən həmin dövrdə Türkiyədə idim. Daha doğrusu, Əbülfəz Elçibəy 1991-ci ildə milli kadrlar hazırlamaq üçün Türkiyəyə 50 tələbə göndərmişdi. Mən də bu əlli tələbədən biri idim. İkincisi, 1993-cü ldə Kəlbəcər işğal edildikdən sonra tələbə yoldaşlarımızla bərabər təhsilimizi buraxıb Bakıya gəlmişik. Lakin məhz Elçibəy tərəfindən də geriyə, təhsil almaq üçün Türkiyəyə qaytarılmışıq. Və nəhayət, mən 1999-cu ildə ailə qurmuşam. Odur ki, Rəhim Qazıyevin dedikləri, iddiaları əsassızdır”.
Aqil Səmədbəyli əlavə edib ki, bu yaxınlarda Türkiyədə kitabı nəşr edilib: “Mənim “Dirənişdən müstəqilliyə Elçi Bəy, iqtidardan devrilmə səbəbləri və böyük güclər” adlı kitabım var. Həmin kitabda gerçəkləri yazmışam. Yəni Rəhim Qazıyevin Əbülfəz Elçibəyi öldürtmək istədiyini. Buna görə də Rəhim Qazıyev indi mənə böhtan atır”.