Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 5 sentyabrda keçirilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-ı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir.
Bu dəfə də nəqliyyat vasitələri üzrə hərracın rəqabətli olması buna əyani sübutdur. İlkin start qiyməti 6 min manata olan “Volksvagen Passat” markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib. Həmçinin ilkin start qiyməti 1705 manat olan “Şevrolet Niva” markalı avtomobilə ən son 3 min 500 manat təklif edilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2007-ci ildir.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 128 saylı mağaza olub. Həmin əmlakın torpaq ümumi faydalı sahəsi isə 100 kv.m-ə yaxındır.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən 3 kiçik dövlət müəssisəsindən 2-si paytaxtın Xəzər rayonunda digəri isə Səbaildə yerləşir. Özəlləşdirilən əmlaklar sahibləri üçün yaxşı gəlir gətirə bilər. Bakının Xəzər rayonunda yerləşən 102 saylı mağazanın faəliyyətini yenidən bərpa etməklə mənfəətliliyi təmin etmək mümkündür. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 86 kv.m təşkil edir.
Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 28 kv.m-dən çoxdur.
Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.