Millət vəkili Qənirə Paşayeva Türkiyə-Suriya sərhədində, Hatayda, sərhəddə yerləşən Yayladağında Suriyadan köçkün düşmüş soydaşlarımızla, türkmanlarla görüşüb.
Teleqraf.com xəbər verir ki, zülm və əziyyətdən qaçmış Suriya türkmanları ilə Türkiyə hökuməti tərəfindən onlar üçün salınmış köçkün düşərgəsində görüşən millət vəkilinə Yayladağı bələdiyyə başçısı və kaymakamı köçkün qardaş-bacılarımıza dəstək istiqamətində görülən işlər barədə məlumatlar veriblər.
Görüş zamanı türkman köçmənlər millət vəkilinə Suriyadan zülmdən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini, türkman kəndlərinin əksəriyyətinin boşaldığını, orada yaşamağın mümkünsüzlüyünü, başlarına gətirilən müsibətləri danışıblar. Yaşadıqları dəhşətləri anladan Suriyadan köçkün düşmüş türkmanlar ciddi dəstəyə ehtiyacları olduqlarını bildiriblər. Köçkün düşmüş türkmanlar bütün türk dünyasından siyasi, mənəvi və maddi dəstək gözlədiklərini və səslərini dünyaya daha çox duyurmağa yardımçı olmağı istədiklərini deyiblər. Köçkün düşmüş Suriya türkmanları üzləşdikləri ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkman soydaşlarımızın öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin onların vəziyyətinə biganə münasibəti, bütün türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar.
Suriya türkmanlarının vəziyyəti ilə bağlı bəzi beynəlxalq tədbirlərdə çıxış edən Q. Paşayeva beynəlxalq təşkilatların, BMT, ATƏT-in və beynəlxalq ictimaiyyətin Suriya türkmanlarının vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmanlarına ciddi dəstək istiqamətində addımları artırmalıdır.
Q.Paşayeva bildirib ki, 1 milyon insanı Ermənistanın işğalçılığı səbəbindən qaçqın və məcburi köçkün düşmüş Azərbaycan və Azərbaycan türkləri Suriyadan köçkün düşmüş qardaş-bacılarımızın acılarını çox yaxşı anlayır. Millət vəkili bildirib ki, bundan sonra da bütün beynəlxalq platformalarda onların səsini duyurmağa çalışacaq.
Millət vəkili köçkün türkman uşaqlar üçün salınmış məktəbi ziyarət edib, uşaqlarla görüşüb, sakinlərlə söhbətlər edib. Köçkün türkmanlar bir azərbaycanlı millət vəkilinin onları ziyarət etməsindən, vəziyyətləri ilə maraqlanmasından çox məmnun olduqlarını bildiriblər.