Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycanda xəbər televiziya kanalının yaradılmasını təklif edib.
APA-nın xəbərinə görə, millət vəkili bildirib ki, Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün xəbər-informasiyaya üstünlük verilən televiziya kanalının fəaliyyətinə ehtiyac var: "Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordunun böyük məbləğdə maliyyələşdirilməsi təqdirəlayiqdir. Unutmaq lazım deyil ki, Azərbaycan informasiya savaşına da önəm verməlidir. Bunun üçün də kiçik maliyyə həcmli televiziyanın yaradılması mümkündür”.
Ə. Amaşov mətbuata dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması məsələsinə toxunub. O qeyd edib ki, onlayn mətbuata da bir milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticə hiss olunacaq: "Hazırkı dövrdə onlayn mətbuatda reklam gəlirləri yetərli deyil. Onlayn mətbuat reklam bazarında özünü tutana, maliyyələşdirənə qədər dövlətin vəsait ayırmasına böyük ehtiyac var”.