Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aliment barədə məhkəmə qərarlarının vaxtında icra edilməməsi ilə bağlı çoxsaylı müraciət daxil olur.
Bunu Teleqraf.com-a açıqlamasında Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Şöbə müdirinin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı problemlər var:
“Bəzən elə olur ki, valideyn öz gəlirlərini gizlədir və məkəməyə səhv məlumatlar verir. Komitəyə qadınlardan daha çox şikayətlər gəlir. Təbii ki, bu situasiyada ilk növbədə uşağın hüququ pozulur. Çünki boşanmış ailənin övladı daim maddi təminat almalıdır.
Azərbaycanda, adətən, boşanma hallarında uşaqlar ananın himayəsinə verilir. Məhkəmə alimentin ödənilməsi barədə qərar qəbul etsə də, qarşı tərəf öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırır”.
Taliyə İbrahimova qeyd edib ki, aliment probleminin həlli üçün Komitə bir çox xarici ölkələrin təcrübəsi ilə maraqlanıb:
“Bu sahədə bəzi ölkələrdə qanunvericilik daha da sətləşdirilib. Bir çox ölkələrdə alimenti ala bilməyən uşaqlara dövlət tərəfindən xüsusi müavinətlər təyin edilir və alimentin vaxtında ödənilmsini ayrıca yaradılmış aliment fondu öz üzərinə götürür. Qarşı tərəf borcunu fonda ödəməli olur.
Azərbaycanda da alimentlə bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdü ki, məhkəmənin qərarlarını icra etməyənlər üçün cəza tədbirləri daha da sərtləşdirilsin. Qanuna dəyişiklik edildi. Məhkəmə alimentlərlə bağlı qərarlarının dərhal icra edilməsi qərarı verir. Buna baxmayaraq, bu sahədə boşluqlarımız var.
Ola bilsin, gələcəkdə ölkəmizdə aliment fondunun yaradılması məsələsi yenidən gündəmə gəlsin”.