Bakı şəhərindəki orta məktəblərdən birində azyaşlı şagirdə qarşı seksual zorakılığı özündə əks etdirən videogörüntülərin sosial şəbəkələrdə yayılması, daha sonra ölkədə fəaliyyət göstərən bəzi saytların bunu olduğu kimi və detallı şəkildə tirajlaması birmənalı qarşılanmır. Sanki ölkə mediası ictimai əxlaqı zədələyən bu cür hadisələrin hansı formada işıqlandırılması dileması qarşısında qalmaqla yanaşı, həm də peşəkarlıq problemi yaşayır.
Media ekspertləri və baş redaktorlar bu cür hadisələr zamanı medianın necə davranmasının vacib olduğunu Teleqraf.com-a şərh ediblər.
Media eksperti, professor Qulu Məhərrənli deyib ki, onun bu məsələyə dair mövqeyi qətidir. Ekspertin qənaətincə, bu cür normadan yayınma halları mətbuatda müşahidə etdiyimiz şəkildə işıqlandırıla bilməz:
“Bu cür işıqlandırma cinayət əməlidir. Belə məlumatları yaymaq, onu tirajlamaq, həmin uşaqların üzünü göstərmək cinayət əməlidir. Hüquq-mühafizə orqanları bunu nəzərə almalıdır. Bu kimi hallara qarşı seyrçi mövqedə qalmaq olmaz. Ümumiyyətlə, bu cür hallar mətbuata çıxmamalıdır. Belə hallarla qarşılaşanda öncə düşünməliyik ki, bunun mətbuata çıxmasının zərəri çoxdur, ya xeyri. İctimai əxlaq və psixologiya baxımından belə məlumatların yayılması doğru deyil. Şübhəsiz ki, hadisə barədə informasiya ola bilər, lakin hadisənin belə video örüntülü və detallı formada oxucuya təqdim edilməsi etikaya ziddir. Azərbaycan qanunvericiliyi də bunu cinayət əməli hesab edir. Belə detallı informasiya həm də ictimai əxlaqı zədələyir, ailələr və uşaqların gələcəyi üçün problemlər yaradır. Media məhz buna görə həssas olmalıdır”.
Məhərrəmli qeyd edib ki, media bu kimi hallarda məlumatandırma anlayışından uzaqlaşır:
“Daha çox sensasiya axtaran, bazar üçün işləyənlər oxucunun diqqətini belə məlumatlara cəlb edir. Burada isə etik qaydadan və əxlaqdan danışmaq olmaz. Bu, həm də mənəvi böhranının göstəricisidir. Məktəbdə baş verən məlum hadisə isə səbəb yox, nəticədir. Özünə hörmət edən media qurumu bu məsələ ilə bağlı həssas və etik davranış sərgiləməlidir”.
“Report” Agentliyinin rəhbəri Murad Əliyev deyib ki, bu kimi hadisələr zamanı media həssaslıq nümayiş etdirməli, sensasiya dalınca qaçmamalı və ictimai əxlaq və etik qaydalara əməl etməlidir:
“Hadisənin olduğu kimi və detallı yayılması həm də əxlaq məsələsidir. Yəni buna ciddi əhəmiyyət verilməlidir. Sayt rəhbərləri bu kimi hallarda məsuliyyətli davranmalıdır.
İkincisi, biz də hadisə ilə bağlı xəbər vermişik. Bu, ona görə lazımdır ki, ictimai qınaq yaransın və bu kimi hallar təkrar baş verməsin. Ancaq informasiya verilərkən, azyaşlıların adı olduğu kimi verilə bilməz. Belə məsələlərə diqqət etmək vacibdir. Hətta bəzi saytlar xəbər yayıb ki, hadisədən sonra həmin xanım intihara cəhd edib və s. Məncə, bu da yolverilməzdir. Mətbuat bu hallara qarşı həssas olmalıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, bu cür informasiyalar mətbuatda işıqlandırılmamalıdır:
“İctimai əxlaqa ziyan gətirəcək hər hansı bir hadisə mətbuatda işıqlandırılmamalıdır. Çünki bəzən bu, pis nümunə olur, yetkinlik yaşına çatmayan, təfəkkürü formalaşmayan insanlar üçün bir növ təşviq vasitəsinə çevrilir. Belə hadisələrlə hüquq- mühafizə orqanları məşğul olur və müvafiq tədbirlər görürlər. Bu xarakterli informasiyaların ictimailəşdirilməsi xeyirdən çox ziyan gətirir. Mən düşünürəm ki, jurnalistdə bu səpkili informasiya varsa, ilk olaraq bunu müvafiq qurumların diqqətinə çatdırmalıdır. Əks təqdirdə belə informasiyaların yayılmasından heç nə əldə etmirik”.
Baş redaktor əlavə edib ki, insan sosial varlıq olduğundan onun yaddaşında və ya şüuarltısında olmayan məlumatlar yaranır:
“Məşhur söz var: düşüncələrinizə diqqət edin, onlar sizin hərəkətlərinizin başlanğıcıdır. Yəni felən hərəkət etməzdən öncə mütləq insanın yaddaşında hansısa ideya olmalıdır. Bu ideya yaxşı olanda insanlar müsbət addım atır. Yox, əgər şüuraltı yaddaşda ideya neqativ olacaqsa, bu zaman atılan addım da neqativ olacaq. Bizim bu hadisəni ictimailəşdirməyimiz çoxlu sayda azyaşlılara şüuraltı informasiya ötürdü. Sabah onlar davranışları zamanı bu informasiyanın təsiri altında qalaraq bənzər addımlar ata bilər. Hər halda psixologiya belə deyir. Odur ki, belə hadisələri nə sosial şəbəkələrdə, nə də mətbuatda işıqlandırmaq doğru deyil”.
Xatırladaq ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinif şagirdi 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olib və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.