19 Fevral 2018 15:13
8 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Binəqədi rayonu ərazisində yerləşən “Gənclər” şəhərciyindən bir neçə nəfər 165 nömrəli marşrut xətti ilə bağlı redaksiyamıza şikayət etdi.

Onlar bu marşrut avtobuslarında sürücülərin xoşagəlməz hərəkətlərindən, sərnişinlərin həyatını təhlükəyə atmalarından danışdılar:

“Marşrut xətti də çox uzundur. Binəqədi rayonundakı Mehdiabad yolundan başlayır, Yasamal rayonunda, “Kaktus” restoranının yanındakı son dayanacağa kimi davam edir. Nədənsə sürücülər avtobusları təhlükəli idarə edir, sərnişinlərlə kobud davranır, təhqiramiz ifadələr işlədirlər.

Bundan başqa, xəttə çıxan avtobuslar natəmiz olur. Biz təhlükəsiz şəkildə mənzil başına çatacağımıza əmin deyilik”.

Telefonla danışan sürücü, qəzalı yollar...

Marşrut xətti ilə bağlı deyilənlərin həqiqəti nə dərəcədə əks etdirdiyini öyərənmək üçün avtobusun “Gənclər” şəhərciyində yerləşən son dayanacağına yollanmaq qərarına gəldik.

Fotoqrafla “Azadlıq prospekti” metrosunun yaxınlığından 165 nömrəli marşruta mindik.

Avtobusa təzə minmişdik ki, sürücünün telefonla ucadan danışması nəinki bizim, bütün sərnişinlərin diqqətini çəkdi. Telefon söhbəti bir neçə dəqiqə davam elədi, buna sərnişinlər etirazlarını bildirdilər. Çünki qəza vəziyyəti yaranırdı.

Sürücü fasilə verib, bir qədər sonra yenidən telefonla danışmağa başladı və ikinci dəfə qəza təhlükəsi yarandı. Səbəb bir tərəfdən sürücünün diqqətsizliyi, digər tərəfdən məhəllələr arası yolların bərbadlığı idi. Yolboyu dayanacaq məntəqəsi də gözümüzə dəymədi. Kim harda istəyirsə, marşruta minir, harda istəyir, düşürdü.

Avtobusda səliqə-səhman, təmizlik ürəkaçan deyildi. Nəhayət, sürücünü telefondan ayıran səbəb peyda oldu – yol kənarında yol polisinin maşını dayanmışdı. “Təhlükə” arxada qalan kimi o, yenidən telefonu qulağına tutdu.

Amma biz xoşbəxtlikdən qəzasız-bəlasız “Gənclər” şəhərciyinə çata bildik. Sürücü də telefonda danışdığı şəxslə sağollaşdı...

Son dayanacağın yerləşdiyi ərazidəki yolun bərbad durumunu da vurğulayıb sözümüzə davam edək.

“Marşrutumuzun heç bir problemi yoxdur”

165 nömrəli marşrut xəttinin baş dispetçeri Nazim Həsənzadə bildirdi ki, 165 nömrəli marşrut xətti “Gənclər”şəhərciyindən Yasamal rayonu, Şərifzadə küçəsindəki “Kaktus” deyilən əraziyə kimi işləyir: “Marşrut xəttinin uzunluğu 34 kilometrdir.

Şəhərcikdən işlədiyi üçün bu xətdən istifadə edən sərnişinlərin sayı olduqca çoxdur. Xətt üzrə avtobusların sayını artırmışıq ki, interval böyük olmasın.

Hazırda xətdə 25 avtobus işləyir, interval 6 dəqiqədir. Çalışırıq ki, marşrutlarımızdan istifadə edən sərnişinlər rahat şəkildə mənzil başına çatsınlar. Əsas odur, yolda sərnişin qalmır...

Heç bir çətinliyimiz yoxdur. Sadəcə, bir neçə ay bundan əvvəl Binəqədi yolunda təmir işi getdiyi üçün avtobuslar yolunu dəyişərək Biləcəri istiqamətində hərəkət edirdi. Nisbətən çətinliyimiz var idi. İndi şükür, hər şey qaydasındadır”.

Baş dispetçer bizi inandırmağa çalışdı ki, avtobuslarda narahatlıq doğuran natəmizliyə rast gəlmək mümkün deyil. O, avtobuslarda oturacaqların səliqəsinə və salonun təmizliyinə xüsusi diqqət yetirildiyini söyləsə də, bizim təsadüfən mindiyimiz avtobusun oturacaqlarına yapışdırılan saqqızlar, böyür-bucağa sıxışdırılan salfetkalar deyilənlərin tamam əksini göstərirdi...

“Bu, sərfəli marşrutdur...”

Nazim Həsənzadə deyir ki, hər iş gününün sonunda avtobuslarda təmizlik işi aparılır:

“Hər axşam avtobuslar yuyulur, salon təmizlənir. Bundan əlavə, günorta avtobuslar süpürülmədən xəttə çıxarılmır. Oturacaqlar kifayət qədər səliqəlidir. Bu məsələdə heç bir problem yoxdur.

Bizim qarajda avtobuslara baxış üçün hər cür şərait var. Avtobusun oturacağında problem olsa, qarajda düzəldilir və yenidən xəttə buraxılır. Həmin marşrut təmirdə olan zaman isə onun əvəzinə başqa avtobus xəttə çıxır ki, interval pozulmasın".

Həmsöhbətimiz deyir ki, marşrut xəttinin məsafəsini qısaltmaq qeyri-mümkündür:

“Bura şəhərcikdir. Tələbələr, işə gedənlər var. İnsanlar 3-4 marşrut dəyişmədən 20 qəpiyə gedib-gəlirlər. Bizim avtobuslar sərnişinləri metro və universitetlərin yaxınlıqlarına çatdırır. Marşrutumuz digərləri ilə müqayisədə daha sərfəlidir. Sərnişinlərin az yol xərci olur.

Xətt üzrə hərəkət edən 25 avtobusun sürücülərinin əksəriyyəti yaşlı insanlardır, onlar növbəli işləyirlər. Bir avtobusda gün ərzində hətta 2-3 sürücü dəyişə bilir. Cavan sürücülərimiz isə bütöv günü çalışır, növbəti gün istirahət edirlər. Bəzən vəziyyətə görə 2 gün istirahət edən sürücülər də olur".

Həmsöhbətimiz məlumat verdi ki, 165 nömrəli marşrut xətti üzrə 56 sürücü var. Sürücülərin işə qəbulu zamanı sürücülük vəsiqəsində “D” kateqoriyası və iş ştajı əhəmiyyət kəsb edir.

Baş dispetçer bir daha vurğuladı ki, marşrut xəttində heç bir problem yoxdur:

“Çalışırq, xidmətimiz daha yaxşı olsun. İntervallar arasındakı vaxtı azaldıb 4 dəqiqəyə çatdırmağı düşünürük. Avtobusların sayını isə artırmaq istəyirik.

Bakı Nəqliyyat Agentliyindən məsafəni qısaltmaq haqda göstəriş yoxdur. Bu xətt açılandan bu məsafə ilə işləyir. Bizim yolumuz uzaqdır. Şəhərcikdən marşruta minib “Azadlıq prospekti”, “20 Yanvar”, , “İnşaatçılar” metrolarına, eləcə də Yasamala gedənlər var”.

Nazim Həsənzadə deyir ki, iş olan yerdə qüsur da, şikayət də olur:

“Amma bizim xətlə bağlı elə də şikayət almırıq. Sürücülərin sükan arxasında diqqətli olmasına çalışırıq. Telefonla danışmağa nəzarət edirik. Buna tək biz yox, Baş Dövlət Yol Polisi İdarəsi də çalışır. İstənilən adama bəzən evdən vacib bir məsələ ilə bağlı zəng gəlir, amma çalışırıq sürücü sükan arxasında danışmasın.

Bakı Nəqliyyat Agentliyi avtobusların sayı, təmizliyi ilə bağlı tez-tez yoxlamalar aparır. Onu da deyim ki, bəzən avtobuslar yollarımızdakı problem səbəbindən tez çirklənir...”

Hər avtobusda 800 insan...

Nazim Həsənzadə sərnişinlərdən də şikayətləndi:

“Hər gün bir avtobusa təxminən 700-800 sərnişin minir. Marşrutu zibilləyən adamlar da onların arasındadır. Salona salfetkanı cavan qızlar atır. Yollar palçıqdırsa, avtobusa minəndə ayaqqabısını silib, salfetkanı ya salona atır, ya da oturacağın yanında bir yerə yerləşdirir. Yaxud suyu içib qabını oturcağın kənarına qoyurlar. Sərnişinlər təmizliyə riayət etmirlər.

Siz axşam bizim maşınların olduğu qaraja baş çəkin, avtobuslar necə təmizlənir, necə yuyulur gözünüzlə görün. Marşrutlar 2-3 dəfə reysə gedib-gələndən sonra içini təmizləyəndə bir vedrə zibil çıxır”.

Söhbət bitdi, yığışıb ofisə geri qayıtmaq üçün yenidən 165 nömrəli marşruta minməli idik. Dayanacağa gedənə qədər fikirləşirdim ki, dispetçerin bizə danışdıqlarını nəzərə alsaq, şəhərdə 165 nömrəli marşurutdan daha səliqəli, daha nizamlı hərəkət edən avtobus yoxdur.

Avtobus dayanacağa çatdı, salona daxil olub kənarda tək qoyulan oturacaqların birinə yaxınlaşdım. Əyləşmək istəyirdim ki, oturacaq durduğu yerdə aşdı. Həqiqətən hər şey baş dispetçerin dediyi kimi "səliqəli" , "təmiz" və “təhlükəsiz” idi...


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər