"Mavi balina" kabusundan sonra indi də "Mariam" adlı təhlükəli oyun meydana çıxıb. Oyun qorxunc səs effektləri, ruhlarla bağlı sualları və gecə saatlarında qəribə tapşırıqları ilə diqqət çəkir. Bəzi ölkələrdə qadağan edilsə də, hazırda bu təhlükəli oyun Azərbaycanda məktəblilər arasında sürətlə yayılır.
"Ətrafımızda bir ruh var, yatağın altına bax, açarı götürüb qapını aç, sonra evdən çıx meşəyə gedək".
Bu qəribə və tükürpədici tapşırıqlar hər hansısa qorxu filmindən deyil, son zamanlar məktəblilər arasında geniş yayılan "Mariam" adlı oyundandır.
Araşdırmalara görə, ərəbistanlı bir gənc tərəfindən hazırlanan "Mariam" oyununun saçdığı təhlükə "Mavi balina" oyunundan da təhlükəlidir. Oyunda "Mariam" adlı 9 yaşlı qız yolda itdiyini qeyd edərək, evə dönmək üçün oyunçudan yardım istəyir. Oyun başlamadan öncə oyunçunun ev ünvanı və yaxın çevrəsi haqqında məlumatlar tələb edilir. Daha sonra "Feysbuk" və "Votsap" bilgilərini paylaşmaq tələb olunur.
Psioxoloqların sözlərinə görə, şiddət, ölüm qorxusu və öldürməyə təşviq edən belə təhlükəli oyunlar uşaqların emosional və sosial inkişafına mənfi təsir göstərir.
Qeyd edək ki, sözügedən oyun Türkiyədə 12 yaşlı yeniyetmənin intiharına səbəb olub.
Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elekton Təhlükəsilik Xidmətinin də mövqeyini öyrəndik. Qurumdan bildirildi ki, hazırda bu məsələ araşdırılır, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbir göürləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.