Yolumuz paytaxtın Yasamal rayonundakı Məhəmməd Xiyabani küçəsində bazara çevrilmiş ət kəsimi məntəqələrinə saldıq. Xatırladaq ki, bu günlərdə Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun ətlə təminatı məqsədi ilə mərkəzləşmiş kəsim məntəqələrinin yaradılmasına ehtiyac olduğunu bildirib.
Qəssablardan məsələyə münasibət soruşmaq istəsək də onlar elə ilk sualımızdan əl-ayağa düşüb, hər gün evlərinə çörəkpulu apardıqları qəssabxanaların bağalanmaslndan narahatıq keçirdiklərini dedilər. Hərçənd yol kənarında satılan heyvan cəmdəklərinə avtomobillərin tozu hopduğunu və ərazidə anti-sanitar vəziyyətin hökm sürdüyünü görmək çətin deyildi.
Amma bir məqam da diqqət çəkirdi: alıcı və qəssablar bu mənzərədən razı idi. Necə deyərlər, alan razı, satan razı...
Yaxınlıqda yaşayan Exan Hüseynov deyir ki, hər gün yaşadığı evin pəncərəsindən təzə ət kəsilib-kəsilmədiyini bilmək üçün boylanır: “Pəncərədən baxıram, görürəm ki, burada ət kəsilibsə gəlib alıram. Marketdə satılan ətin keyfiyyətinə, kəsimə qaydasına inanmıram. Burada kəsilən ətin təmizliyinə, halallığına daha çox etibar edirəm. İllərdir buradan ət alıram, niyə qapalı məkandan almalıyam?”
Adını açıqlamayan digər sakin isə yalnız göz önündə kəsilən heyvanının ətini almağa üstünlük verdiyinin deyir: “Heyvanı gözümüzün qabağında kəsirlər. Ona görə gəlib buradan ət alırıq. Acından ölərik, amma marketdən almırıq”.
Gün ərzində 5-10 heyvan kəsdiyini deyən Zaur adlı qəssab illərdir açıq şəkildə ət kəsdiyini bildirir: “Sakinlər də bu cür qaydaya öyrəşib. Gərək kəsim göz qabağında olsun, ya da sakinlərin etibarını qazanmaq üçün addımlar atılsın. Başqa cür mümkün deyil...”
Elşən Məmmədov adlı qəssab isə əhalidə şübhə yaratmağa ehtiyac görmür: “20 ilə yaxındır burada ət kəsirik, amma şikayət eşitməmişik. Marketlərdə satılan ətdən alıb evə aparmışıq, xoşlamayıblar. Əsas əhalinin razılığıdır. Onlar ətin açıq şəkildə kəsilərək satılmasının tərəfdarıdırlar”.
Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov hesab edir ki, açıq ət kəsiminin qarşısını inzibati yolla almaq mümkün olmaycaq: “Çünki əhali gözləri ilə gördüyü məhsulu almaq istəyir. Bu səbəbdən ilk olaraq əhalinin inamını qazanmaq lazımdır. Məsələn, Yeni Zelandiyada həyətdə ət kəsilirsə, vətəndaş 5 min dollar cərimə edilir.
Azərbaycanda ət kəsimi ilə bağlı vəziyyət mürəkkəbdir. Kəsilib satılan ətin kimə, hansı hüquqi və ya fiziki şəxsə adi olduğunu bilmirik. Halbuki Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bütün malların, məhsulların üzərində istehsalçı firmanın adı olmalıdır”.
Eyyub Hüseynovun sözlərinə görə, əhalinin maarifçilik səviyyəsi aşağı olduğundan gözü ilə gördüyü heyvanın ətini almağı üstün tutur: “Əhalinin baytarlara, dövlət qurumlarına inamı yüksək olmalıdır. Qida Təhlükəsizliyi Agentliyi əhalinin inamını qazanmalıdır. Buna görə KİV və ictimai təşkilatlarla sıx işləmək lazımdır. Küçə ət kəsimi biabırçılıqdır, bu halın aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi ciddi iş aparmalıdır”.
Qida Təhlükəsizliyi Agentliyindən olaraq bildirilib ki, qurum tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qəraralar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək.
“Standartlara uyğun, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsim məntəqələri Respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan təlabatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkili nəzərdə tutulub. Bu kəsim məntəqələrinə hər hansı bir say məhdudiyyət yoxdur. Bundan başqa, sanitariya-gigiyena norma və qaydaları və qida təhlükəsizliyi baxımıdan standartlara cavab verən ət kəsim məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır”.
Həmçinin qeyd edilib ki, Agentliyin tabeliyində gələcəkdə “Qida Təhlükəsizlik İnstitut”u adlı publik hüquqi şəxs fəaliyyət göstərəcək ki, həmin İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki-normativ, hüquqi aktların layihələrini hazırlanmasını həyata keçirəcək.
Bildirək ki, Agentlik hələ bir neçə gün öncə ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacağı haqda məlumat yaymışdı.