14 Noyabr 2018 17:12
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanın hansısa məsələdə qüsurlu fəaliyyəti, yaxud baxışları digər məsələlərdə də mütləq özünü göstərməlidir. Avropa Parlamentinin Kipr Respublikasından olan, milliyyətcə yunan əsilli üzvü Eleni Teoxarusun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsi, əlbəttə sıradan bir hadisə deyildi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, politoloq Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu, qanuna riayət edilməsinə cavabdeh olan bir şəxsin digər ölkənin qanunlarını nümayişkəranə şəkildə pozması demək idi:

“Ancaq göründüyü kimi? bu, təkcə bir ölkəyə qarşı olmayıb. Məsələn, Eleni Teoxarusun Albaniyanın müvafiq dövlət orqanları tərəfindən də ölkəyə girişinin qadağan olunması artıq onun islahedilməz siyasi qalmaqalçı olduğunu göstərir. Yəni, onun üçün artıq müqəddəs prinsiplər yoxdur. Digər ölkələrin daxili işlərinə qarışmaq, onların ərazi bütövlüyünü şübhə altına almaq, mehriban qonşuluq, dostluq mühiti yaratmaq əvəzinə gərginlik, qarşıdurma yaratmaq artıq həmin siyasətçinin fəaliyyətinin nüvəsindədir. Bu hadisə bir daha göstərir ki, beynəlxalq münasibətlərdə hüquq normaları hər zaman gözlənilməlidir”.

A.Mirzəzadə qeyd edib ki, məhz ərazi bütövlüyü prinsipinin üstün tutulması, digər ölkələrin daxili işlərinə qarışmaqdan imtina edilməsi dünyada sabitliyin yaradılmasının və inkişafın rəhnini təşkil edə bilər:

“Hesab edirəm ki, bu uğursuz kiprli deputatın aqibəti bu yola maraq göstərən digərləri üçün də yaxşı bir dərs olmalıdır”.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edən, bunun nəticəsində ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil edilən və haqqında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılan Avropa Parlamentinin Kiprdən olan üzvü E.Teoxarus Albaniyada da arzuedilməz şəxs elan olunub. Belə ki, Albaniya Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən bu ölkənin Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunan Avropa Parlamentinin bu üzvünün beynəlxalq hüququn prinsiplərinə, xüsusilə ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyinin, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına ərazi iddialarını ehtiva edən ekstremist, millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər