Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili “Qadınlar ədalət uğrunda” təşkilatının üzvləri ilə görüş keçirib.
Görüşdə Gürcüstanın müxtəlif bölgələrindən minə yaxın qadın iştirak edib.
S.Zurabişvili çıxışında Gürcüstanda mövcud olan tolerantlıq barədə danışıb:
“Gürcüstan əsrlər boyu tolerantlığı qoruyub saxlayıb. Bəzi insanlar bu birliyi pozmağa çalışırlar, lakin buna nail olmaq mümkün olmayacaq.
Mənim yanıma ilk olaraq azərbaycanlı, daha sonra erməni qadınların nümayəndələri gəldilər. Biz birgə yaşayırıq və bir-birimizə hörmət edirik. Gürcüstandakı tolerantlığa dünyada, hətta Avropada belə nadir hallarda rast gəlinir”.
Namizəd Gürcüstanın siyasi və ictimai həyatında qadınların yüksək fəallığına ehtiyacın olduğunu qeyd edib:
“Gürcüstanda seçicilərin 53 faizini qadınlar təşkil edir, lakin onlar siyasətdə lazımi səviyyədə təmsil olunmurlar. Qadınlar ölkənin müxtəlif sahələrində fəaliyyət göstərirlər. Onlar çox güclü və uğurludurlar. Lakin siyasət, yerli hakimiyyət orqanları və parlamentdə qadınların təmsilçiliyi arzu olunan səviyyədə deyil”.
Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olunub.