Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.
Teleqraf.com-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.
“Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.
Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb. Yüzlərlə təhsil işçiləri - məktəb direktorları, müəllimlər, eləcə də valideynlər və hətta şagirdlər belə Tural müəllimi xəstəxanada ziyarət edirlər.
Tural Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq”.
Qeyd edək ki, aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirib.