Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib.
Teleqraf.com-un məlumatına görə, konfransda açılış nitqi ilə çıxış edən rektor, akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini söyləyib.
Onun sözlərinə görə, klassik ədəbiyyatın ən yaxşı ənənələrini inkişaf etdirən Hüseyn Cavid həm də XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tanınır.
Kamal Abdulla qeyd edib ki, sevgi, məhəbbət, gözəllik şairi olan Cavid lirik, lirik-epik əsərlərin, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı idi. Sovet rejimi ədəbiyyat zadəganlarından da qisas alırdı. Hüseyn Cavid gözəllik və tanrı elçisi idi. O, ədəbiyyatda böyük Azərbaycan şairi Məhəmməd Füzuli ənənələrinin, xəttinin davamçısıdır.
Çoxcəhətli və zəngin yaradıcılığa malik Cavidin əsərlərini bu gün də Azərbaycan gəncliyi sevə-sevə oxuyur. O bu gün də bizimlədir, Azərbaycan xalqının ruhunu yaşayır. Hüseyn Cavid zirvəsi dedikdə xalqımız məhz nakam faciəli həyatını deyil, zirvələrdə süzən, uca yüksəklərdən enməyən şair ruhunu yad edir”.
ADU rektoru vurğulayıb ki, hər zaman Azərbaycan xalqı tərəfindən böyük ədibin xatirəsi əziz tutulub, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə böyük ədibin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Cavidin nəşi yeridə tapılmış uzaq Sibirdən Naxçıvana gətirilərək doğma torpağa əmanət edilmişdi. Bu, milli mənəvi münasibətin ən yüksək forması idi. O hadisəni ədəbiyyatsevərlər, xalqımız sovet ideologiyasının basqısı altında yaşayan, ömür sürən və azadlığa çıxan bütün qüvvələr böyük əzmlə və minnətdarlıq hissi ilə qarşıladılar. Bu, ulu öndərin Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına misilsiz xidməti idi”.
Konfransda “Cavid sənətində bəşəri genişlik” məruzəsi ilə çıxış edən ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov qeyd edib ki, Hüseyn Cavid, heç şübhəsiz, Azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Onun sözlərinə görə, Cavid Azərbaycan və Türkiyə türkcəsini qovuşdurub və türk idealına sadiq sənətkardır: “Peyğəmbər” əsərinin müəllifi kimi İslami dəyərlərə bağlı insan olub. Bu saydığımız dəyərlər, istər Azərbaycançılıq məfkurəsi, istər türk idealı, istərsə də İslami dəyərlər Caviddə ümumbəşəri dəyərlər mahiyyətində ifadə olunur.
Belə ifadə etmək olar ki, Cavid Azərbaycandan danışanda bütövlükdə dünyadan, dünyadan danışanda bütövlükdə Azərbaycandan danışır. Əsas məsələ onun bəşəri ideallara sadiq qalması, ən sərt həqiqətləri əks etdirməkdən çəkinməməsidir.
Əgər Cavidin Şərq poeziyası və dünya romantizmimə bağlılığını nəzərə alsaq, ilk növbədə onun emanizm fəlsəfəsinə müraciət etdiyini görərik”.
Muxtar İmanov qeyd edib ki, “İblis” faciəsini dönə-dönə emanizm fəlsəfəsinə qayıdıb: “Belə fikirlər səslənir ki, Cavidin “İblis”i zülmətin və şərin rəmzidir. Bu fikir səhv deyil, lakin natamam və bir az birtərəflidir. Çünki biz “İblis”in oddan və atəşdən törədiyini, mifoloji kökünü nəzərə alsaq, onda oddan və atəşdən törəyən bir varlığın mütləq mənada zülmət daşıyıcısı olmasını qəbul etmək çətindir.
Bu obrazın kökündə xeyir və şərin qardaş olması fəlsəfəsi durur və bu halda iblisin başdan-başa şər kimi qəbul etmək çətindir.
İblis dediyimiz mifoloji varlıq yerin-göyün sahibinin bütün buyruqlarına müti kimi əməl etmək istəmir, o, insanların ürəyinə şübhə toxumu səpir, onları ayıq-sayıq olmağa səsləyir, ən sərt həqiqətləri təlqin etməkdən çəkinmir. Məşhur yazıçı Tomas Mann filosof Nitşeni və dahi Dostoyevskini emanizm fəlsəfəsinin sərt üzünü nəzərə alıb bu iki dahini cəhənnəm övladları adlandırır. Əlbəttə, şəxsən mən Cavidi cəhənnəm övladı adlandıra bilmərəm, bu, günah olar. O, səma şairi idi”.
Tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, Nim (Fransa) Universitetinin professoru Silvi Joseğam və digər çıxış edənlər Cavid yaradıcılığına nəzər salıb, konfransın işinə uğurlar arzulayıblar.
Konfrans işini “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında Cavidin həyat və yaradıcılığına həsr olunan müxtəlif mövzularda məruzələr dinlənilib.