15 May 2019 18:37
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi internet resurslarında əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Binəli Osmanovun məktubuna əsasən gömrük orqanlarının fəaliyyətinə dair həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Binəli Osmanov may ayının 4-də Gürcüstandan Azərbaycana gələrkən özü ilə gətirdiyi 5 litr çaxırın "Qırmızı Körpü" gömrük postunda gömrük əməkdaşları tərəfindən zorla əlindən alındığını, gömrükçülər tərəfindən ona və yaxınlarına qarşı kobud rəftar edildiyini iddia edir.

Qeyd edək ki, əslində həmin vətəndaş məktubunda qanunvericiliyin tələblərini pozduğunu özü etiraf edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən gömrük sərhədini keçən şəxs güzəştli qaydada, yəni hər hansı gömrük ödənişləri həyata keçirmədən yalnız 1.5 litr alkoqollu içkini ölkə ərazisinə gətirə bilər. Həmin şəxsin gətirdiyi alkoqollu içkinin miqdarı qanunvericilikdə müəyyən olunan həddi keçdiyi üçün gömrükçülər tərəfindən akt tərtib olunaraq müvəqqəti saxlanca götürülüb.

Bundan başqa, məlumatda gömrük orqanlarına qarşı bir sıra haqsız, eyni zamanda müəllif və yayımlayan şəxslər üçün qanun qarşısında məsuliyyət yaradacaq əsassız digər iddialar da irəli sürülür.

Lakin Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, may ayının 4-də Gürcüstandan ölkə ərazisinə daxil olan Binəli Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib. Bu fakt müvəqqəti saxlanca götürülən mallarla bağlı tərtib olunan aktda da öz əksini tapıb ki, bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə Binəli Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb. Aşağıda təqdim etdiyimiz videotəsvirlərdə gömrükçülərin ona qarşı hansı "nəzakətsiz davranış"lara və "kobud rəftara" yol verdiyini də ictimaiyyətin müzakirəsinə buraxırıq.

Üstəlik gömrük xidmətinin və gömrük əməkdaşlarının qanunsuz əməllərindən bəhs edən həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib. Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində Binəli Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və sənədin arasında pul əskinasını gömrük əməkdaşına vermə cəhdi və gömrük əməkdaşının da buna qəti etirazı aydın şəkildə öz əksini tapıb.

Təəssüfdoğurucu məqamlardan biri də odur ki, son zamanlarda bir sıra dırnaqarası media qurumları məqsədli şəkildə müxtəlif fiziki və hüquqi şəxslərin subyektiv, yalan iddialarına əsaslanaraq qarşı tərəfin rəyini öyrənmədən gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatlar yayımlamaqdadırlar və bu media orqanlarının yayım siyasətlərində və ya təfəkkürlərində əsaslı dəyişiklik etmələrinə ciddi ehtiyac var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər