Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir... Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir. Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Palmali” şirkətlər qrupunun rəhbəri, tanınmış iş adamı Mübariz Mənsimov Türkiyədə müalicə olunan xalq artisti Yalçın Rzazadə ilə görüşdən sonra özünün “Feysbuk” səhifəsində yazıb.
O, daha sonra yazıb:
“Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi. Xalqın dəyərli sənətkarı, Allah sizi başımızdan əskik etməsin! Böyük qardaşım Vahid bəylə sizi dinlədikcə gəncliyimizə, sanki uşaqlıq illərinə geri dönürük. Fərqli duruşunuzla, gözəl səsinizlə hər zaman səhnəmizi bəzədiniz. “Bakı, sabahın xeyir” mahnısını bu gün belə dinlədikcə sanki o sabahı yaşamış oluram. Sizin gözəl ifa etdiyiniz daha bir mahnı da var – Cabir Novruzun sözlərinə:
Bir arzum var, ay adamlar qoyun deyim,
Sağlığında qiymət verin insanlara.
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda. Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz. Allah sizə şəfa versin, ustad! Hər zaman var olun! Keçmişi olmayanın gələcəyi heç bir zaman olmaz. Bunu unutmayaq”.