27 Fevral 2020 21:14
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 yaşlı türkiyəli fenomen Atakan Kayaları internetdə ən çox araşdırılan insanlar arasındadır. O, böyüklər üçün nəzərdə tutulmuş yüzlərlə fəlsəfi kitab, bədii əsər oxuyub və hazırda mütailəsini davam etdirir.

Balaca Atakanın istedadı üzə çıxandan sonra cəmiyyətin onun haqqında düşüncələri birmənalı olmayıb.

Kimi ona qibtə ilə yanaşıb, azyaşlılara nümunə kimi göstərib, kimi isə Atakanın uşaqlığını normal keçirmədiyini bildirib.

10 yaşlı uşağın bu qədər kitab oxuması normaldırmı?

Mövzu ilə əlaqədər psixoloq Vəfa Əkbər Teleqraf.com-a danışıb. Onun sözlərinə görə, insan yaş dövrünün tələbatına uyğun davranmalıdır: “İnsan yaşından böyük maraqlara meyillidirsə, uşaqlığını yaşamır. Elə Atakan kimi, o, əzbərçidir. O yaşda, o ağıla gəlib çatmaq təbii ki, çox gülməlidir. Bunun üçün həyat təcrübəsi lazımdır, fəlsəfi anlayışlar lazımdır”.

Psixoloq bildirib ki, belə məqamlarda valideynlər diqqətli olmalıdırlar: “10 yaşlı uşağın bu qədər biliyə sahib olması mümkünsüzdür. Kitab oxumaq gözəldir, amma uşağa kitabı yedizdirmək lazım deyil. Kitabı oxutdurub, dərk etdirmək, ondan nəsə sitat götürmək, yaş dövrünün tələb etdiklərini öyrətmək lazımdır. Atakan depressiv uşaqdır, özünə qapanıqdır. Ona görə özünün eqosunu təmin etməyə çalışır və sübut etmək üçün də kitablara bürünüb. “Mən fərqliyəm” deyərək başqa ideologiyaları götürüb, öz beynin məhsulu kimi təqdim edir. Bunun özü belə natamamlıqdır”.

Vəfa Əkbər qeyd edib ki, bu prosesdə ilk olaraq valideynlər özləri maariflənməlidirlər: “Yaş kateqoriyasına görə internetdə bütün informasiyalar var. Valideynlər hər yaş dövrünə uyğun kitabları əvvəlcə özləri oxumalıdır. Uşağa danışıb, sonra kitabı təqdim etməlidir. Belə olduqda uşağa daha maraqlı gəlir. Həm uşaq öz yaş tələbatını ödəyir, həm də valideynlər arasında ünsiyyət formalaşır”.

Psixoloqun fikrincə, belə uşaqlar uşaqlıqlarını yetərincə yaşaya bilmir: “10 yaşlı uşaq 30-35 yaşlı insan kimi düşünürsə, artıq qocalıb. Digər uşaqlar kimi doyunca təəssüf, təəccüb hissini yaşaya bilməyir. Əylənmir, kiçik şeylərdən xoşbəxt olmayacaq. Çevrəsində özünə yer tapa bilməyəcəkdir”.

Vəfa Əkbər qeyd edib ki, uşaqlara yaşından artıq informasiyalar yükləmək onda həvəssizliyin yaranmasına səbəb olur: “Əminəm ki, Atakanı təqdir edənlər psixoloqlar deyil. Məsələn, uşaqlıqda çox gözəl aktyorluq qabiliyyəti olan “Evdə tək” filminin baş rol qəhrəmanının sonda həyat hekayəsinə baxın. Yəni erkən yaşda əldə olunan zirvə sonradan insanda həvəssizlik yaradır. Motivasiya, məqsəd olmur”.

Psixoloq bildirib ki, uşaqlarda kitab oxuma vərdişi körpəlikdən yaradılmalıdır: “Məsələn, 7-8 aylıq uşaqlar ana qucağında əyləşdikdə ana kitabı vərəqləyir, uşaq kitaba baxır. Beləliklə heyvanlar, myvələr yadında qalır. Ana uşaqla danışdıqca beyninə həkk olunur. Bu mədəniyyəti formalaşdırmaq gözəldir”.

Onun fikrincə, uşaqlar yaşlarından böyük kitablara meyl edirlərsə, bu həvəsi yox etməyə ehtiyac yoxdur: “Hər yaş dövründə böyümə, dərketmə istəyi var. Uşaq onu oxumaq istəyirsə, oxusun. Amma həddindən artıq yüklənmək, kitabın içinə girmək lazım deyil. 10 yaşlı uşağın fəlsəfi düşüncələrə nə qədər marağı ola bilər? Böyük ehtimal o ona aşılanır, depressiv uşaqdır, özünə qapanır. Özünü qüsurlu hesab edib və fərqli olmaq üçün oxuyub. Bədii kitablarla, yaşımızdan böyük kitablar oxumaqla heç kim köklü dəyişiklik yaşamır. Fəlsəfi kitabları böyüklər oxuduqda belə çətinlik çəkir. Uşağın həyat haqqında ideologiyası formalaşmır. Sadəcə kənardan eşitdiyi və oxuduğu şeyləri təqdim etməyə başlayır. Ağıllı görünsə də, ağıllı olmur.”


Müəllif: Aysel Azad

Oxşar xəbərlər