Street-art ictimai yerlərdə yaradılan və məzmun olaraq sənət mühitindən kənarda yerləşən vizual sənət növüdür. Ənənəvi sprey boyama küçə sənətinin əsasını təşkil etsə də, bəziləri tərəfindən vandalizm kimi təsvir olunur. Street-art fərqli mədəniyyətlərdə özünə yer taparaq gənclərin səsinə çevrilib.
Bu gün haqqında danışdığımız küçə sənətinin müxtəlif növləri var. Ötən həftə street-artla bağlı fotoreportajı sizə təqdim etmişdik.
Müsahibimiz rəssam Cahid Cavadov da bu incəsənət növü haqqında bizimlə söhbətləşdi.
- Neçə ildir rəssamlıqla məşğulsunuz?
- Uşaqlıqdan bəri rəsmə, rəssamlığa marağım olub. 2007-2008-ci illərdən həvəskar olaraq rəsm çəkirəm. Rəssamlıq Akademiyasına daxil olduqdan sonra bu sahə haqqında biliklərim artdı. Professional şəkildə məşğul olmağa başladım. Bu müddət ərzində daha çox yeniliklərlə tanış oldum və sözsüz ki, bu, işlərimə də öz təsirini göstərir.
- Sizə görə street-art nədir?
- Təhsildə street-art və ya qrafika sahəsi ilə bağlı ixtisas yoxdur. Yaxud bu sahə üzrə fənn tədris olunmur. Buna görə də street-artla bağlı heç kimin nəzəri cəhətdən biliyi yoxdur. Bu sadəcə hobbidir. Öz rəssamlıq bacarıqlarını daha yaxşı idarəetməyə kömək edir. Divar üzərində sprey boyalarla sənət əsəri yaratmaq bir az çətin və fərqlidir.
- Street-artla bağlı hazırladığınız işiniz varmı?
- Özüm bu sahə ilə bağlı bircə dəfə sifariş qəbul etmişəm. Dövlət tərəfindən həyata keçirilən layihə idi. Layihənin adı qrafik şəkildə, street artla yazılmalı idi. Oyun idi və oyunun qaydaları street-artda əks olunmalı idi.
- Maraqlıdır, indi sifariş yoxdur, yoxsa siz istəmirsiniz?
- Bizim ölkədə bu sahə geniş yayılmadığına görə sifariş azdır. Bu, Amerika və Avropa ölkələrində daha geniş yayılan sənətdir. Şərq ölkələrində küçə incəsənəti o qədər də geniş yayılmayıb.
- Hazırda bu sənətə tələbat necədir?
- Ümumiyyətlə, street-art elə də geniş yayılan sahə deyil. Son bir neçə il ərzində bu sahəyə tələbat artıb və öz təsirini göstərməkdədir. Əvəzində ofislər, evlər, restoranlar və kafelərdə divar üzərində çəkilən rəsmlər daha geniş yayılıb. Bu da street-artın növüdür, “wall art – divar incəsənəti” adlanır.
- Bu iki sahənin fərqləri varmı?
- Divar üzərində işləmək çox çətindir. Obyektin istiqamətini özünə uyğun şəkildə dəyişdirə bilmədiyin üçün iş asan başa gəlmir. Rəssam özünü divara uyğunlaşdırmalıdır. Sağa, yaxud sola əyilib, aşağı-yuxarı qalxmalısan.
- Street-artla yanaşı, qrafiti rəsmlər də var. Bunların fərqi nədir?
- Street-artın başqa istiqamətlərdən fərqi odur ki, monumental rəngkarlıqla işlənilir. Street-artda daha çox kompozisiya, yəni hansısa məşhurun siması və ya filmdən fraqment əks olunur. Burada rəssamlar öz mənəvi dünyalarını azad şəkildə ifadə edirlər.
Qrafiti də bu sənətin kiçik hissəsidir. Qrafiti bu divar yazıları və şəkillərlə vizual tətbiqetmə sənətidir. Qrafitdə isə daha çox yazılar əsk olunur. Hansısa sloqan, ismarıc müxtəlif şriftlərdə yazılır. Çox vaxt rahat və qalın şriflərdən istifadə olunur.