18 Aprel 2020 09:05
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası dövründə ölkəmizdə sosial sahədə görülən işlər prioritet təşkil edir. Bu sahədə genişmiqyaslı işlər aparılır, müxtəlif qabaqlayıcı addımlar atılır.

Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır: “Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Bununla yanaşı, aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

İş yerlərinin və əməkhaqlarının qorunması bu gün ən ümdə vəzifədir. Bu məqsədlə də dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün mühüm işlər aparılıb, həmçinin elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Bu işlərin əhatə dairəsinə nəzər salanda görürük ki, 1 milyon 629 min işçi (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) dövlət qayğısını öz üzərində hiss edib.

Xüsusilə vurğulamaq lazımdır ki, ötən dövr ərzində əmək müqavilələrinin sayında azalma deyil, əksinə, artım baş verib. 1 aprel-17 aprel aralığında 55 min artım, 1 yanvar-17 aprel aralığında isə 77 min əmək müqavilələrinin artımı müşahidə olunub”.

İlyas Hüseynov qeyd edib ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir: “Əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə də məqsədyönlü addımlar atılıb. Pandemiya dövründə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb.

Bu məqsədlə 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxsin işə cəlb edilməsi təmin edilib. Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərlə bağlı deyə bilərik ki, ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə isə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.

Qeyd etmək lazımdır ki, aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində – 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Daha bir önəmli məqam ondan ibarətdir ki, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kilovatsaat həcmində artırılıb. Bu məqsədlər üçün tələb olunan vəsait 10 milyon manat təşkil edib. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Bu məqsədlər üçün isə tələb olunan vəsait 40 milyon manat olub”.

İlyas Hüseynov bildirib ki, sosial sahədə görülən bütün tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikirlərinin bariz təzahürü kimi dəyərləndirilməlidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər