15 May 2020 19:54
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 276 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 105 225 fərdi (mikro) sahibkar, ümumilikdə 132 501 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 713 işçini əhatə edən 27 276 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 92,4 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği isə 46,2 milyon manat təşkil edir. Mayın 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 22 431 vergi ödəyicisinə 196 553 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 61,8 milyon manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 97 527 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 57,3 milyon manat təşkil edir. Mayın 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 55,1 milyon manat vəsaitin 93 035 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər