Ermənilərin aprel döyüşləri barədə çəkdiyi film beynəlxalq festivalda nümayiş olunacaq. Film iyunun 22-dən 26-dək Kann kinofestivalının keçirəcəyi Avropanın ən böyük kino bazarı olan “Marché du Film” tədbirində təqdim ediləcək.
Çəkilişləri Qarabağda və Avropada aparılan və aprel döyüşlərini anti-Azərbaycan mövqeyindən təsvir edən film “Cənnətə açılan qapılar” adlanır. Sözügedən tədbir çərçivəsində film Avropanın və ABŞ-ın nüfuzlu kinoprodüser mərkəzlərinə təqdim olunacaq.
Maraqlıdır, niyə Azərbaycanda Aprel döyüşlərində qələbəmizi əks etdirən filmlər çəkilib beynəlxalq festivallara təqdim olunmur?
“Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov Teleqraf.com-a açıqlamasında Qarabağla bağlı filmlərin çəkilmədiyi barədə fikirlərlə razılaşmadığını deyib. O bildirib ki, direktoru olduğu “Salnaməfilm” studiyasında kifayət qədər milli qəhrəmanlar barədə silsilə sənədli filmlər çəkilib: “Mədəniyyət Nazirliyinin sifarişi ilə il ərzində təxminən 10-12 milli qəhrəmanlıq mövzusunda silsilə sənədli filmlər çəkilir. Bildiyim qədəri ilə ötən il Aprel döyüşləri ilə bağlı ssenari Mədəniyyət Nazirliyinə təqdim olunub və hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır. Karantin rejimi ilə əlaqədar filmlər konservasiyadadır, bütün çəkilişlər dayanıb. Gözləyirik, pandemiya bitəndən sonra işimizə davam edəcəyik”.
Nazim Hüseynov 2016-cı ildə “Salnamə” sənədli filmlər studiyasının direktoru kimi bədii filmlərlə o qədər də əlaqəsinin olmadığını deyib: “Bu ilin yanvar-fevral ayında Bədii Şurada keçirilən iclaslarda təqdim olunan filmlərin qalibləri elan olunmuşdu. İlin sonuna qədər 20 Yanvar hadisələri ilə bağlı müəllif janrlarına aid olan filmin çəkilməsi nəzərdə tutulub”.
İcraçı direktor hesab edir ki, Azərbaycan filmləri kifayət qədər festivallarda iştirak edib: “2017-ci ildə “Nar bağı” bədii filmi A kateqoriyalı festivalda "şort-list"ə daxil olmuşdu. Bundan əlavə, 2018-2019-cu illərdə kinoya ayrılan vəsait azaldığı üçün “Azərbaycanfilm” kinostudiyasında çəkilən bədii filmlərin sayı çox az olub. Son məlumata görə, Fransa və Azərbaycanın müştərək film debüt studiyası ilə Rüfət Həsənovun çəkdiyi bədii film A kateqoriyası festivalında iştirak edir. Ümidvaram ki, ayın sonuna qədər bu film "şort-list"ə düşəcək”.
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser Fehruz Şamıyev Teleqraf.com-a bildirib ki, “Cənnətə açılan qapılar” filminin premyerası İrəvanda keçirilib və Kann kinofestivalının tərkibində keçirilən tədbirdə təqdim olunacaq: “Kannda bu filmin təqdim ediləcəyi barədə dəqiq məlumat yoxdur. Bu il onlayn keçiriləcək Kann festivalında kinomarket bölümü olmayacaq. Buna səbəb isə festivalın əvvəlki kimi qonaqlı yox, onlayn keçirilməsidir”.
Fehruz Şamıyev hesab edir ki, Azərbaycanda kino digər sahələrlə müqayisədə heç vaxt təbliğat funksiyasında olmayıb: “Azərbaycanda kinoya ayrılan vəsait yetərincə azdır, bu da ölkənin kino istehsalına təsir edir. Qaldı ki, indiyə kimi çəkilmiş filmlərdə Qarabağ probleminin işıqlandırılmasına, fikrimcə, bu mövzuda maraqlı ssenarilər ortada olmayıb. Yazılan ssenarilər daha çox ölkə içi təbliğata xidmət edib və bu istiqamətdə yaxşı nəticələr də var. Amma ölkədən kənara çıxarmaq üçün yetərincə keyfiyyətə malik ssenarilər yoxdur. Son illər ölkədən kənara çıxarıla bilən, daha doğrusu Rusiya bazarı üçün münasib olan “Yarımçıq xatirələr” filmi istehsal olunub. Açığını desəm, çox yaxşı filmdir. Bundan başqa, “Nabat” filminin də beynəlxalq uğurlarını göstərmək olar. Amma təəssüf ki, Qarabağ problemini beynəlxalq aləmdə qabartmaq üçün kino sənətindən yetərincə istifadə etməmişik. Bu, təkcə kino istehsalı ilə məşğul olan idarə və şirkətlərdən asılı deyil. Azərbaycanda bir ildə kinoya ayrılan vəsait dövlət büdcəsindən bir körpünün tikintisinə ayrılan vəsaitə bərabərdir”.
Fehruz Şamıyev qeyd edib ki, kinonun xaricdə ölkəmizi tanıtması barədə düşündüyümüz zaman kinoya ayrılan vəsaiti də artıracağıq: “Kinoya ayrılan vəsaitin artması beynəlxalq kino bazarına çıxmaq üçün xarici şirkətlərlə müştərək filmlərə başlamağa, eyni zamanda xaricdən tanınmış simaları filmə dəvət edərək onların vasitəsi ilə problemlərimizi dünyaya çatdırmağa imkan verəcək. Bildiyim qədərilə Aprel döyüşləri ilə bağlı qonşularımızın çəkdiyi filmdə məşhur alman və rus aktyorları rol alıb. Bu prinsiplə dünya kino bazarına çıxmaq daha asandır. Bunun üçün isə ilk növbədə yaxşı əlaqələr və maliyyə lazımdır”.
Xatırladaq ki, millətçi erməni rejissor Rejissor Civan Avetisyanın çəkdiyi “Cənnətə açılan qapılar” filmində almaniyalı aktyor Rixard Zammel, Nina Krongyaer, Rusiya Milli Filarmonik Orkestrinin baş dirijoru, SSRİ və Rusiya Xalq artisti Vladimir Spivakovun qızı Tatyana Spivakova və erməni aktyorlar çəkilib. Filmdə hadisələr 2016-cı ilin aprelində Qarabağda cərəyan edir. Döyüşləri işıqlandırmağa gələn alman fotoqraf 22 il əvvəl Qarabağ döyüşləri zamanı tanış olduğu erməni fotoqrafın qızı Sofiyaya vurulur.
Qeyd edək ki, bundan öncə, 73-cü Beynəlxalq Kann kinofestivalının proqramına erməni rejissor Nora Martirosyan “Külək əsirsə” filmi daxil edilmişdi. Belçika, Fransa və Ermənistanın birgə istehsalı olan filmin ssenarisi Xocalı aeroportunun işə salınmasına həsr olunmuşdu.