29 İyun 2020 12:53
1 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə Azərbaycan arasındakı saziş istənilən halda sürücülük vəsiqələrini tanıyır. Yenidən imtahan vermək, xüsusi hazırlıq keçmək kimi əlavə qeyd-şərt yoxdur”.

Bunu Teleqraf.com-a yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, sürücülük vəsiqələri ilə bağlı dövlətlərarası saziş təxminən 2016-cı ildə imzalanıb: “Azərbaycan bunu 2 il əvvəl təsdiqləsə də, görünür Türkiyə Cümhuriyyəti qanunu indi təsdiqləyib. Saziş ikitərəflidir, mahiyyəti Türkiyə ilə Azərbaycanın milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını ehtiva edir. Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı heç bir dəyişiklik edilməyəcək. Çünki bu, Azərbaycana aid deyil”.

Ərşad Hüseynov deyib ki, məlum qərarın qəbulu 1968-ci ildə qəbul olunan "Yol hərəkəti haqqında" Vyana Konvensiyasından irəli gəlir: “Bu Konvensiyanı tanıyan bütün dövlətlər, o cümlədən Azərbaycan və Türkiyə bir-birinin milli sürücülük vəsiqələrini qarşılıqlı tanıyırlar. Yəni, Azərbaycanın sürücülük vəsiqəsi ilə Vyana Konveksiyasına üzv olan bütün dövlətlərdə rahat avtomobil sürmək olur. Amma bu, tranzitlə olur. Tutaq ki, kimsə Avropa ölkələrinə səyahət edərkən sürücülük vəsiqəsindən istifadə edir və heç bir problem yaranmır. Amma məlum Konvensiyada belə bir müddəa var, tutaq ki, Azərbaycandan kimsə Fransada, Almaniyada, Rusiyada uzun müddət yaşamaq istəsə, gərək orada vəsiqəsini yerli vəsiqəyə dəyişsin.

Bu zaman ölkələr müxtəlif şərtlər irəli sürürlər. Məsələn, dünya ölkələrinin əksəriyyəti yenidən imtahan verməyi tələb edir. Türkiyə ilə Azərbaycan arasındakı saziş istənilən halda vəsiqələri tanıyır. Yəni yenidən imtahan vermək, xüsusi hazırlıq keçmək kimi əlavə qeyd-şərt yoxdur. Azərbaycanda da vəziyyət eynidir. İstənilən şəxs Türkiyədə alınmış sürücülük vəsiqəsini ASAN Xidmətdə milli sürücülük vəsiqəsinə dəyişə bilər. Bunun üçün 25 manat dövlət rüsumu ödənilir”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanın cəmi iki ölkə ilə belə qarşılılıqlı sazişi var: “Biri Cənubi Koreya Respublikasıdır, digəri Türkiyə Cümhuriyyətidir. Hazırda Azərbaycanda verilən sürücülük vəsiqələri Vyana Konvensiyasına uyğundur. Sadəcə olaraq Azərbaycanın milli vəsiqələrində iki xırda qüsur var. Bu iki qüsurun aradan qaldırılması ilə bağlı qanun 2019-cu il yanvarın 1-dən qəbul olunsa da, təəssüf ki, yeni nümunəvi sürücülük vəsiqəsi Azərbaycanda verilməyib.

"Yol hərəkəti haqqında" Vyana Konvensiyasının 6 saylı əlavəsinin 6-cı bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir. Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə, vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə, həmin vəsiqə konvensiyaya uyğun sayılmır.

Çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır. Digər qüsur isə sürücülük vəsiqəsində məlumatların qeyd olunma ardıcıllığının pozulmasıdır. Bunlar texniki məsələlərdir. Türkiyə ilə qarşılıqlı saziş hər bir halda bizim sürücülük vəsiqələrini tanıyır. Amma bu iki texniki problemə görə Avropa ölkələrində daha diqqətli polis əməkdaşları iradlar bildiriblər”.

Qeyd edək ki, iyunun 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi 20 may 2016-cı ildə təsdiq edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər