“İrəli” İctimai Birliyi 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans keçirib. 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları nümayəndələri, media qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, videokonfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olunub.
Konfransda “İrəli” İctimai Birliyinin Baş katibi Fatimə Məsimli qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir. Yeni növ koronovirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən “İrəli” İB onlayn formatda silsiləli layihələr həyata keçirib və hazırkı hesabat konfransı da bu onlayn fəaliyyətin bir təzahürüdür.
Hesabat məruzəsindən sonra konfransda iştirak edən rəsmilər çıxış edib.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışı zaman bütün tədbir iştirakçılarını qələbə münasibətilə təbrik edib. Nazir müavini qeyd edib ki, “İrəli” İB hər zaman vətənpərvərliklə bağlı layihələri ilə seçilib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov çıxış edərək bildirib ki, “İrəli” İB-nin ana xətti vətənpərvərlikdir və birlik bu fəaliyyətini uğurla davam etdirir. Birliyin Vətən Müharibəsi dövründəki fəaliyyətini vurğulayan H.Nəsibov “İrəli” İB-nin sədri Şahin Rəhmanlının döyüşlərdə iştirakının ölkə gəncliyi üçün də bir nümunə olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov regionun ən böyük və peşəkar gənclər təşkilatlarından olan “İrəli” İB-nin təşkilat kimi fəaliyyətinin 12-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. O, “İrəli” İctimai Birliyinin Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclərin inkişafına dəstək verilməsi işinə mühüm töhfələr verdiyini vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışı zaman Birliyin bütün istiqamətlər üzrə uğurlu fəaliyyət göstərdiyini vurğulayıb. “İrəli” gənclərinin 21-ci əsrdə İnformasiya müharibəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib.
Konfransın sonunda “İrəli” İB-nin sədri Şahin Rəhmanlı Azərbaycan Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunduğu üçün Ali Baş Komandana təşəkkürünü bildirib və bunun döyüşlərdə iştirak edən Azərbaycan gənclərinə verilən dəyərin bariz nümunəsi olduğunu vurğulayıb. Sədr verilən bu qiymətin gənclərimizdə və ordumuzda ruh yüksəkliyi yaratdığını qeyd edib.
Videokonfransın sonunda bir sıra tədbir iştirakçılarına müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.