Məhəmmədəmin Rəsulzadənin son kitabı olan “Azərbaycan şairi Nizami” təkcə həcminə və keyfiyyətinə görə deyil, həm də yazılma dövrü baxımından maraq doğurmaqdadır. 1951-ci ildə Ankarada “Milli Eğitim Basımevi” tərəfindən çap olunan kitabda Rəsulzadənin 8 aprel 1948-ci il tarixli ön sözü də yer alıb. Qısa ön sözdə Rəsulzadə əsərini Nizaminin 800-cü ildönümü münasibətilə yazdığı və 1941-ci ildə tamamladığını qeyd edib. Lakin II Dünya müharibəsi başladığı üçün əsərin nəşri gecikib. Amma Rəsulzadənin özünün də yazdığı kimi bu gecikmə əsərin daha da təkmilləşməsinə xidmət edib, xeyli yeni qaynaq sonrakı illərdə əldə edilib.
Əsərinin ilkin variantını 1941-ci ildə tamamladığını yazdığı üçün Rəsulzadənin ən azından bu kitaba 2-3 il əvvəl başladığını hesab etmək olar. Çünki digər əsərləri kiçik həcmli və siyasi mövzuda olduğu üçün onların yazılma prosesi bir ay içində də mümkün olub. “Nizami” əsəri üzərində isə davamlı şəkildə çalışdığı onunla bağlı xatirələrdən də açıq görünür.
Tatar mühacirlərindən Əli Akış bəy Rəsulzadə ilə bağlı xatirələrinə bu cümlələrlə başlayır: “Milli Azərbaycan dövlətinin rəhbəri Rəsulzadə həm siyasi, həm də ədəbi bir şəxsiyyət idi. Bir az məğrur və məsafəliydi. Nizami haqqında önəmli bir kitab yazmışdı”.
II Dünya müharibəsi ərəfəsində Rumıniyada yaşayan Rəsulzadə haqqında həmin dövrdə Türkiyə səfirliyində çalışan Kenan Kocatürk xatirələrində qeyd edib: “Ədəbiyyat onun ikinci məsləyi, sənəti idi. O günlərdə böyük azəri şairi Nizaminin həyatını yazırdı”.
İdil-Ural türklərinin liderlərindən Abdullah Battal Taymas Rəsulzadəyə göndərdiyi bir məktubunda belə yazıb: “Mühacirət dövründə müxtəlif azad məmləkətlərdə etdiyiniz nəşrlərə görə sizin uca əməl yolunda necə bir qeyrət, səbat ilə və əsla bezmədən çalışdığınızın canlı şahidiyik. Üstəlik xaricdə siyasi nəşrlərlə yetinmədiniz. Qürbətdə ağır yoxsulluq, məhrumiyyət və xəstəlik durumu içində gəncəli şair Nizami haqqında ciddi araşdırma və çalışma məhsulu olan, həcmi kimi elmi dəyəri də ağır olan bir əsər yazıb nəşr etdiniz”.
Rəsulzadə ilə birlikdə alman düşərgəsindən Fransa üzərindən Türkiyəyə gələn fəlsəfəçi Mustafa Nermi onun vəfatı ilə bağlı yazısında kitabın adını çəkməyi lazım bilib: ““Gəncəli Nizami” kimi, həqiqətən, ciddi bir əsər qoyan Məhəmmədəmin 40 gün öncə aramızdan ayrılmış, türk könülləri dərin hüznə bürümüş”.
Rəsulzadənin vəfatı münasibətilə “Cümhuriyyət” qəzetində (27.03.1955) xatirə məqaləsi yazan Türkiyənin təhsil nazirlərindən Həsənəli Yücel bəy “Azərbaycan şairi Nizami” əsərinə daha çox toxunub. Yücel məqaləsində yazıb: “Nizamiyə dair 1951-ci ildə Milli Təhsil Nazirliyinin klassika seriyasında nərş olunan kitabını lütf edib mənə gətirdiyi zaman müzakirə etdiyimiz fikirlər həmişə o mühüm nöqtənin ətrafında dolaşmışdı. Bu kitab böyük şairin 800-cü (1141-1941) ildönümü münasibətilə yazılmışdı. Yazar şairin adının üstünə bu qeydi qoymuşdu: Azərbaycan şairi. Bu 400 səhifəlik əsərin ruhu Azərbaycandır. Fars və dünya ədəbiyyatının ən önəmli simalarından biri olan Nizaminin şəkildə iranlı, mahiyyətdə türk olduğunu isbat etmək üçün Rəsulzadə bütün diqqətini xərcləmişdir. Nizaminin ilk qadınının qıpçaq bir türk qızı olduğunu və tək oğlu Məhəmmədin ondan doğulduğunu, “Xosrov və Şirin” məsnəvisinin yazılması əsnasında sevgilisinin öldüyünü və məsnəvinin sonunda Xosrovun cənazəsi üstündə can verən Şirin üçün “O, mənim qıpçaq Afaqıma bənzəyərdi, bəlkə də onun özü idi” deyişini elə hərarətlə danışırdı ki, bütün bu həzin macəralar sanki Rəsulzadənin başından keçmişdir”.
Ardınca Həsənəli Yücel maraqlı bir nəticə çıxarıb: “Rəsulzadə Nizamidə türk ruhunu haqlı olaraq tapmışdı. Nizamidə nə Sədinin hər şeyə “eyvallah” deməyi tövsiyə edən dərvişanə hikməti, nə bir qrup sufi şairlərin dünyadan əlini-ətəyini çəkməkdə salamatlıq olduğunu söyləyən öyüdləri yer alıb. O da mütəsəvvif olmaqla bərabər həyata bağlı, həyatın gözəlliklərinə heyrandı”.
Ardınca “Leyli və Məcnun”dan sitat gətirmiş Yücel etiraf edib: “Bu yaşa gəldim, tamamən bizdən olan Nizaminin bu tərəflərini bilmədim”.
Rəsulzadənin gənclik dostlarından iranlı siyasətçi Seyid Həsən Tağızadə onunla bağlı xatirəsində belə yazıb: “Rəsulzadə fars ədəbiyyatına yaxından bələd idi və bir müddət idi ki, haqlı olaraq öz yerlisi saydığı Nizami Gəncəvinin “Xəmsə”sini nəşr etməklə məşğul olurdu”.
Beləliklə, Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabı böyük şairin həm də Türkiyədə türk şairi kimi qəbul edilməsinə xidmət edib.