Qarabağda yenidən qurulacaq ərazilərdə “Huawei” şirkətinin rəqəmsal texnologiyasından istifadə ediləcək. Şirkət aprelin 26-da Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd”və “Ağıllı şəhər”layihəsinin təqdimatında öz həllərini Prezidentə təqdim edib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz adıçəkilən şirkətin uzun müddətdir ABŞ və Avropada problemləri olduğuna diqqət çəkib: “Bir çox ölkələr şirkəti telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. “Huawei”in milyardlarla marketinq siyasəti və ucuz məhsul satmasının da Çin hökumətinin dəstəyilə olduğu bildirilirdi. Şirkət hər zaman bunları təkzib edib”.
Əgər ABŞ və Avropa “Huawei”ə qarşı sanksiyaları genişləndirsə, bunun ölkəmiz üçün hansı riskləri ola bilər?
Ekspert deyir ki, 5G reallaşanda bu sanksiyaların da kəskinləşəcəyi haqqında beynəlxalq mediada məlumatlar verilir: “Düşünürəm ki , bu məsələdə təhlükəsizliklə bağlı müəyyən risklər var. Dəfələrlə qeyd etmişik ki, bizdə dövlət sektorunda “Huawei”in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün zaman-zaman bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib, BakTelecomun (BTRİB) 80%-i, Aztelekomun 70%-i, hətta bəzi dövlət qurumlarının data mərkəzləri “Huawei” məhsulları üzərində “oturub”.
İndi “Ağıllı şəhər” və “Ağıllı kənd” infrastrukturunun, ağıllı infrastrukturun əsas bazasının bu şirkətin texnologiyası və avadanlığı üzərində "oturması" nəzərdə tutulur.
Əgər adı çəkilən sanksiyalar reallaşacaqsa, Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər. Bildiyim qədər dövlət sektorunda təhlükəsizliyə cavadeh olan Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) də əvvəllər bu istiqamətdə dövlət qurumlarına müəyyən tövsiyələri olub.
Əgər bu məsələlərdən sonra hökumət yenə də strateji məsələlərdə “Huawei”lə iş birliyinə önəm veribsə, düşünmək olar ki, burada müəyyən anlaşmalar əldə edilib, təhlükəsizlik məsələləri öncədən nəzərə alınıb”.
Osman Gündüzün qənaətincə, təhlükəsizliyiə, rəqəmsallaşmaya cavabdeh dövlət qurumları qlobal dünyada baş verənləri diqqətlə izləməlidirlər: “Bu, ölkəni gələcəkdə informasiya sahəsində ciddi problemlərlə qarşılaşmaqdan qoruyur. Yeri gəlmişkən, “Huawei”dən başqa ölkəmizdə fəaliyyət göstərən Çinin çoxsaylı şirkətləri var. Onların Çin hökümətinə məlumat ötürməsi ilə bağlı hər hansı bir açıqlamaları olmayıb”.