Məlum olduğu kimi, cari ilin 4-6 iyun tarixlərində Bakı şəhərində Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.
Yarışla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, yarışın keçiriləcəyi ərazilərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə riayət olunmasının yoxlanılmasının təşkili, habelə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Bu çərçivədə, yarışın keçiriləcəyi trek və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının çevik və effektiv alınmasının təmin edilməsi məqsədilə həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumlarının müvafiq şəxsi heyət və texnikasının növbətçiliyi təşkil olunub.