24 İyun 2021 16:37
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin payını 30%-ə yüksəltməyi hədəfləyir.

2010-cu ildən etibarən texnologiyanın sürətli inkişafı, neft qiymətlərinin yüksəlməsi, habelə ölkələrin yaşıl enerjiyə keçid strategiyaları bərpa olunan enerji mənbələrinə diqqəti artırdı. Bu çərçivədə, 2010-2019-cu illər ərzində bərpa olunan enerji sektoruna 3 trilyon dollar, 2019-cu ildə isə 302 milyard dollar həcmində investisiya qoyulub. Ümumilikdə isə son 10 ildə alternativ enerji istehsalının tutumunda qlobal miqyasda iki dəfədən çox artım müşahidə edilib.

Azərbaycanın bərpa olunan enerji potensialı

Dünyada bərpa olunan enerji mənbələrinə olan bu qədər tələbat Azərbaycanı da bu istiqamətdə düşünməyə vadar edir. Azərbaycanda günəşli günlərin il ərzində 2500-3200 saat arasında dəyişdiyini nəzərə alsaq, bu göstərici enerjinin istehsalı üçün yüksək səciyyələndirilə bilər. Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, küləyin sürətinin saniyədə 3-4 m olması ondan elektrik enerjisi əldə etmək üçün kifayət edir. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.

Baku Flame Towers - HOK

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişili sayılır. Bununla yanaşı, Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir. İlkin qiymətləndirməyə görə, bölgənin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Qarabağ bölgəsi və ətraf rayonlarının su ehtiyatlarının həcmi açıqlanıb |  1news.az | Xəbərlər

Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən hissəsində əhəmiyyətli dərəcədə bərpa olunan enerji potensialı mövcuddur. Energetika Nazirliyinin məlumatına görə, Xəzər dənizi offşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, təkcə Azərbaycan sektorunda 157 min meqavatt səviyyəsində enerjinin olduğu hesab edilir. Bu, Azərbaycanda elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Bütün bunlar nəzərə alınaraq, son illərdə Azərbaycanda bərpa olunan enerji sektoruna dövlət səviyyəsində böyük diqqət ayrılır. Belə ki, Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin payını 30%-ə yüksəltməyi hədəfləyir. Atılan əsaslı addımlar nəticəsində, son illərdə ölkədə alternativ enerji mənbələrinin istehsalında kəskin artım müşahidə edilir. Belə ki, 2013-2019-cu illər ərzində külək enerjisinin istehsalı 131 dəfə artaraq, 0,8 milyon Kvt/saat-dan 105,4 milyon Kvt/saata yüksəlib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb. Müqavilənin imzalanması və layihənin icrası Azərbaycanda formalaşmış əlverişli biznes mühitinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən, ildə 1 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kub metr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısını alacaqdır.

Atmosferi çirkləndirən sexlə bağlı tədbirlər görüləcək

Digər tərəfdən, 2013-2019-cu illər arasında ölkədə günəş elektrik stansiyalarının istehsal həcmi isə 55 dəfə artaraq, 0,8 milyon Kvt/saatdan 44,2 milyon Kvt/saata yüksəlib. Artım tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir. Belə ki, cari ilin aprel ayında Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb. Müqavilə çərçivəsində, ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da, öz növbəsində, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, habelə yeni investorların digər layihələrə cəlbinə yol açacaqdır.

Qarabağda yaşıl enerji zonası yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühim əhəmiyyət daşıyır. Bu çərçivədə, may ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara alıb. Beləliklə, Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirilməsi məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb.

Qarabağda

Bütün bu addımlar, Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafında və Qarabağda yaşıl enerji zonasının yaradılmasında nə qədər istəkli və maraqlı olduğunu bir daha əyani şəkildə ortaya qoyur. Beləliklə, bölgədə yaşıl enerji zonasının yaradılması məqsədilə özəl investisiyalar və dövlət-özəl tərəfdaşlığı üçün hökumət tərəfindən bütün əlverişli imkanlar yaradılır. Bunun nəticəsədir ki, iyun ayının 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Qeyd edək ki, bu müqavilə Qarabağa xarici sərmayənin cəlb edilməsi, habelə regionda yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Alternativ enerji mənbələrinin Azərbaycan üçün faydaları nədir?

Alternativ enerji mənbələrinin inkişafı bir neçə istiqamətdə ölkə iqtisadiyyatı üçün əhəmiyyətlidir. Öncəliklə, enerji təhlükəsizliyi baxımından ilkin enerji istehlakının şaxələndirilməsi vacibdir. İlkin enerji istehlakı nə qədər çox şaxələndirilsə, bir o qədər karbohidrogen yanacaqlarından asılılıq azalacaq. Beləliklə, alternativ enerjinin istehsalı artırılmaqla daxildə təbii qazın sərfiyyatı azaldıla bilər. Qənaət edilən təbii qaz isə həm sənayedə xam mal kimi istifadə edilə, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandırıla bilər. Qeyd edək ki, Azərbaycanda “SOCAR Methanol” və “SOCAR Karbamid” zavodlarında təbii qazdan xam mal kimi istifadə edilir. Məsələn, təbii qaz emal olunub karbamid istehsal olunduqda onun əlavə dəyəri iki dəfədən çox artır. Başqa sözlə, qənaət edilən təbii qaz ilə sənayedə əlavə dəyər yaradıla bilər.

Son illərdə kənd təsərrüfatı sektorunun inkişafı biokütlə, əsasən də bioqazların istehsalı baxımından əlverişli fürsətlər ortaya çıxarır. Bioqazlar məişət tullantıları ilə yanaşı, toyuq peyininin istifadəsi ilə də əldə edilir. Toyuq peyini torpaqlarda şoranlığa səbəb olduğu üçün kənd təsərrüfatı üçün yararsız sayılır. Ancaq, bu gübrə bioqaza çevrilərək iqtisadi baxımdan faydalı ola bilər. Eyni zamanda, bioqaz istehsal edilərkən ondan gübrə almaq da mükündür ki, bu gübrələr həm kiməyi gübrələri əvəz edə, həm də əlavə gübrə kimi istifadə oluna bilər. Bu da, öz növbəsində kənd təsərrüfatında torpağın məhsuldarlığının artmasına və bitkilərin xəstəliklərə qarşı daha müqavimətli olmasına töhfə verə bilər.

Bərpa olunan enerji sektorunun inkişafı Azərbaycanda kiçik və orta biznes subyektlərinin inkişafı və məşğulluq səviyyəsinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir. Belə ki, 2019-cu ildə dünyada 11,5 milyon insan bərpa olunan enerji sektorunda çalışıb.

Təkcə Aİ-də bu rəqəm 1,2 milyon nəfər təşkil edir. Almaniyada isə bu sektorda 300 minə yaxın insan çalışır. Almaniya günəş panellərini və külək turbinlərini istehsal etməklə həm bərpa olunan enerjini daha ucuz istehsal edir, həm də bu avadanlıqları xarici ölkələrə sataraq iqtisadiyyatını gücləndirir.

Azərbaycan da öz növbəsində bu sektoru uğurla inkişaf etdirə bilər. Nəzərə alsaq ki, hazırda Qarabağda yaşıl enerji zonasının yaradılması prioritet istiqamət kimi götürülüb, Qarabağda alternativ enerji avadanlıqları və qurğuları istehsal edilərək Qarabağın dayanıqlı iqtisadi inkişafına dəyərli töhfə verilə bilər. Belə ki, sözügedən qurğular daxildə istehsal ediləcəyi üçün, ölkədə bərpa olunan enerji mənbələri daha əlverişli qiymətlərdən istehsal edilə bilər.

Ümumiyyətlə, alternativ enerji sektoru əmək tutumu yüksək olan bir sektordur və məşğulluğun artırılması baxımından olduqca əhəmiyyətlidir. Beləliklə, Qarabağda bərpa olunan enerji sektorunun inkişafı, regionda yeni işyerlərinin açılmasına zəmin yaradacaqdır. Bu isə öz növbəsində, məcburi köçkünlərin Qarabağa geri qayıtma prosesini daha da sürətləndirə bilər.

Qarabağda istehsal ediləcək alternativ enerji qurğuları qonşu ölkələrə ixrac edilərək ölkənin ixrac potensialı artırıla bilər. Çünki Azərbaycanın ətrafında olan ölkələrin əksəriyyəti neft və təbii qaz istehlakından həddindən artıq asılı olan ölkələrdir. Hətta, Özbəkistanın və Türkmənistanın ümumi enerji istehlakında təbii qazın payı, müvafiq olaraq, 88% və 79%-dir. Bu ölkələr orta və uzun müddətli perspektivdə alternativ enerji mənbələrindən istifadə etməklə neft və təbii qazdan asılılıqlarını azaltmaqda maraqlıdır.

Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35% azaldılmasını hədəf kimi götürüb. Bərpa olunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün, bu həm Azərbaycanın Paris sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə, həm də ölkədə ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasına mühüm töhfə verəcəkdir.

Beləliklə, Azərbaycan, əsasən, günəş və külək enerjisinin istehsalında istifadə olunan qurğuları istehsal etməklə həm daxildə alternativ enerji istehsalını kommersiya baxımından daha səmərəli edə, həm də xarici ölkələrə sataraq ixrac gəlirlərini artıra bilər. Bütün bunlar, öz növbəsində ölkədə kiçik və orta biznes subyektlərinin inkişafına və məşğullq səviyyəsinin yüksəlməsinə təkan verə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər