Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 4 may 2021-ci il tarixində yayımlanmış “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın ikinci hissəsi hazırlanaraq, beynəlxalq təşkilatlara ünvanlanıb.
Teleqraf.com xəbər verir ki, hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda Birinci və İkinci Qarabağ müharibələri dövründə, habelə 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı azərbaycanlılara qarşı tətbiq olunan nifrət siyasətinin nəticələrini, həmçinin sosial şəbəkələrin erməni seqmetində azərbaycanlılara qarşı nifrət nitqinin istifadəsinə dair faktları dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır.
Hesabatın hazırlanmasında sosial şəbəkələrdə, eləcə də yerli və xarici mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.
Ombudsman öz hesabatında Birinci Qarabağ müharibəsi dövründən itkin düşən şəxslərin taleləri, Ermənistanın siyasi və hərbi hakimiyyətinin insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.