Bu gün Beynəlxalq İtkinlər Günüdür.
Teleqraf.com xəbər verir ki, avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur.
Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub.
Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə, Azərbaycan tərəfinə təqdim edilməyib.
Ermənistan tərəfi əsir-girovlarla barbar kimi davranıb. Əsir və girovların nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi, onların müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməsinə məcbur ediblər. Həmçinin düşmən tərəfindən əsir və girov götürülən şəxslər biri-birinin əleyhinə ifadələr verməyə, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur ediliblər.
Düşmən onları yaşına və cinsinə məhəl qoymadan dəhşətli işgəncələr altında və qeyri-insani şəraitdə saxlayıb. Onlar həmçinin Ermənistanda ağır cinayətlər törətmiş erməni əsilli şəxslərlə birlikdə həbsxanalarda saxlanılaraq daha da ağır işgəncələrə məruz qalıblar. Təbii ki, ermənilərin əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdikləri vəhşiliklər sözlə ifadə olunmayacaq qədər ağırdır.
Unutmayaq ki, bu işgəncələri həyata keçirən düşmən tarixdə misli görünməmiş Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifi olub.
Ermənilər bununla da itkin düşmüş vətəndaşlarımızın işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ, azadlıq, toxunulmazlıq hüququ və yaşamaq hüququnu pozublar. Eyni zamanda, Ermənistan tərəfindən itkin düşmüş şəxslərin qohumları haqqında məlumat almaq hüququ pozulur.
Ermənistan tərəfi itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıq etmir. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanın aidiyyəti dövlət qurumlarının radio əks-kəşfiyyat xidməti tərəfindən Ermənistanın Azərbaycan xalqına qarşı belə hərbi cinayətlərindən biri ifşa edilib.
Əldə edilmiş materialda Ermənistanın Basarkeçər rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya bölgədəki bütün səyyar radiostansiyalara təcili əmr verilib ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları, o cümlədən qocalar, qadınlar və uşaqlar təcili məhv edilib, basdırılsın. Məqsəd isə törətdikləri cinayətlərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən gizlətmək olub. Bir sıra hallarda, Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülüb, ya da yoxa çıxarılıb.
Məsələn, 1998 və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan Ermənistan həmin 54 nəfərdən 17 nəfərini öldürərək, onların meyitlərini qaytarıb, digərlərinin isə taleyi naməlum qalıb.
Əsir-girovların hədə-qorxu və şantaj vasitəsi ilə erməni xüsusi xidmət orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur. Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alaraq yerlə yeksan edilib, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamailə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb.
Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.
Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur.
Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.
Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.