1959-cu il aprelin 28-də “Telemundo Pregunta” televiziya proqramı üçün bir qrup jurnalist tərəfindən Kuba inqilabının liderlərindən biri Ernesto Çe Gevaradan alınmış müsahibə bir gün sonra “Revolucion” və “El Mundo”da yayımlanıb.
Teleqraf.com həmin müsahibəni ixtisarla təqdim edir:
- Siz kommunistsiniz?
- Mənə bu sualı tez-tez verirlər. Buna cavab verməyə ehtiyac yoxdur, inanıram ki, deyilənlərə yox, edilənlərə baxmaq daha yaxşı olar. Xalq üçün gördüyümüz işlərin kommunistlik olduğunu düşünürsünüzsə, onda hamımız kommunistik. Əgər partiya üzvü olub-olmadığımı soruşursunuzsa, cavabım ”yox”dur.
- Kubalı olmadığınız halda niyə Batista diktaturasına qarşı mübarizə aparmaq üçün Kubaya gəldiniz?
- Latın Amerikası ölkələri arasında heç bir fərq yoxdur. Sadəcə məzlum qitəmizin bir hissəsini xilas etmək istədim. Qvatemalada demokratiyanın necə məhv edildiyini gördüm. Meksikada Fidellə görüşəndə düşündüm ki, diktaturanı devirmək üçün onunla birlikdə Kubaya getməliyəm.
- Rusiyanı da diktatura rejimi idarə etdiyinə inanırsınızmı?
- Sovet İttifaqında hakimiyyəti “proletariat diktaturası” adlandırırlar. Ruslar özləri proletariat diktaturası tərəfindən idarə olunduqlarına inanırlar.
- Sizcə, belə bir diktatura ilə mübarizə aparmaq üçün Rusiyaya getmək lazımdırmı?
- Rusiya Latın Amerikası ölkəsi deyil. Qitəmizdə yerləşmir. Onun idarəetmə forması, ənənələri və orada yaşayan müxtəlif xalqların dünyagörüşü bizimkilərdən çox fərqlidir. Belə bir şey etməyi ağlımdan belə keçirmirəm.
- Kubada kommunist çevrilişi olsaydı nə edərdiniz? Etiraz edərdinizmi?
- Çevrilişə hamıdan əvvəl etiraz edərdim. Amma bunun baş verəcəyini düşünmürəm, çünki kommunistlərin digər partiyalarla vicdanla işləyən və inqilabla əməkdaşlıq edə biləcək siyasi partiyası var. Bir dövlət çevrilişi olsaydı, mənim üçün sürpriz olardı. Düşünürəm ki, inqilabi hakimiyyəti devirməyə çalışmayacaqlar, çünki onların özləri kommunistlərdir. Birlik istəyirəm. Əgər çevriliş olarsa, buna qarşı çıxaraq, inqilabi hakimiyyəti müdafiə edəcəyəm.
- Hökumətdə neçə kommunist var?
- Sayını bilmirəm. Bayaq dediyim kimi, insanlar üçün etdiklərimiz kommunizmə aid sayılırsa, bir çox insan mənim kimi düşünür və hökumət üzvlərinin mütləq əksəriyyəti kommunistdir. Doğru hesab etdikləri fikirləri müdafiə etmək cəsarəti olan hər kəsi kommunist saysaq, kommunistlərin sayı kifayət qədər çoxdur. Amma partiya üzvlərinin sayı bir neçə nəfəri keçmir. Müqavimət ordusunda cəmi üç kommunist vardı.
- Sovet İttifaqı ilə diplomatik əlaqələr qurmağın tərəfdarısınızmı?
- Dünyanın bütün ölkələri ilə diplomatik və ticarət əlaqələrinin qurulmasının tərəfdarıyam. Əgər bir ölkə bizə hörmət edirsə və ideallarımızı reallaşdırmağımızı istəyirsə, niyə ondan uzaqda dayanmalıyıq?
- Fidel Kastronun ABŞ səfərinə dair təəssüratlarınızı öyrənə bilərikmi? Sizcə, ABŞ və Kuba arasındakı gələcək münasibətlər necə olacaq?
- Birləşmiş Ştatlarla tam bərabərlik şəraitində və şərəfli bir ölkənin digərinə olan hörməti ilə danışıqlar masası arxasında oturacağıq.
Təəssüf ki, Fidelin ABŞ səfəri haqda çox az şey bilirəm. Kubadakı qəzetlərin yazdıqlarından başqa ABŞ-dakı xəbər agentliklərindən məlumatlar əldə edirik. ABŞ hökumətinin mövqeyinə gəldikdə, sizə tam və düzgün cavab verməzdən əvvəl ilk növbədə liderimizlə görüşməliyəm. Ancaq bilirəm ki, ABŞ-da ictimaiyyətin Fidelə isti münasibəti var.
- Aqrar sahədə islahatlar necə gedir?
- Aqrar islahatlar qiyam illərində hərəkatın doymaz ehtirası idi. Dinc mübarizənin son dörd ayı ərzində yenə də əsas işimiz olaraq qaldı. Əsas qanunun latifundiyanın yox edilməsinə aid olan hissəsini qəbul edəcəyik, çünki bir çox insanlar ac və işsiz ikən əkin sahələrinin boş qalmasına könlümüz razı ola bilməz. Bu baxımdan, bizim vəziyyətimiz Sovet İttifaqından fərqli olacaq. Orada bütün torpaqlar dövlətə məxsusdur. Amma burada torpağı işləyənə verəcəyik. Kəndlilər torpaqlarını satmaq istəyirlərsə, əvvəlcə dövlət onları satın alacaq.
Kooperativlərin yaradılmasını da nəzərdə tuturuq. Hökumət texniki və maliyyə yardımı göstərəcək və istehsalın yeni başlanğıclarını təmin edəcək. Maliyyə və texniki imkanlarımız imkan verdiyi qədər kooperativ yaradacağıq. Bunun üstündən keçə bilmərik. Əvvəlcə kəndlilərə kooperativlərin əhəmiyyətini öyrətməliyik.
Texniki və kənd təsərrüfatı məktəbləri açacağıq. Məqsədimiz istehsal xərclərini minimuma endirərək çox məhsul əldə etməkdir.
Kəndliləri istiqamətləndirmək planımız məcburiyyətə yox, inandırmağa əsaslanır. Kəndlilərə bütün texniki məsləhətləri verəcəyik və istehsal etdiklərini satmaq imkanı yaradacağıq. Amma kəndliləri inanmadıqları və ya istəmədikləri şeyi qəbul etməyə məcbur qoymayacağıq. Kəndlilərin keçmişdə istədiklərini reallaşdırmalarını, “mənim torpağım” adlandıra biləcəkləri torpaq sahəsinə sahib olmalarını istəyirik.
Ciddi aqrar islahat apardığımızı sübut etməyə məcburuq. Torpaqda işləyənlər ona sahibi olduqlarını bilməlidirlər. Kənd təsərrüfatı istehsalına ən müasir texnologiyanı cəlb etməliyik.
Məsələn, Dominikanda hər hektarda tütün istehsalı Kubada olduğundan iki dəfə çoxdur, şəkər istehsalı da belədir. Amma bu sektorlara müasir texnologiyaları cəlb etsək, işsizlik yarana bilər. İnqilabın dərhal və əsas vəzifəsi şəkər istehsalı üçün ayrılmış ərazini başqa bir istehsal sahəsi üçün istifadə etmək deyil, “yoxsul” torpaq sahiblərinin zəhmət çəkib işləmədikləri minlərlə hektar ərazini onların əllərindən almaqdır.
Əl əməyi ilə çalışanları onlara uyğun işlə təmin etmədən əvvəlki işlərindən ayıra bilmərik. Bu sahədə tələsmək olmaz.
- Kubaya ayaq basanda bu ölkənin təsərrüfatı haqda nə bilirdiniz?
- Heç nə bilmirdim, o vaxt siqaret də çəkmirdim.
- Bu gün Müqavimət ordusunun rolu nədir?
- Fidel Kastro inqilabın yeganə lideri olsa da, Müqavimət ordusu xalqdan asılıdır və onun əmrindədir. Bir işi müdafiə edərkən özümüzü xalq iradəsinin sadiq sözçüləri hesab edirik. Müqavimət ordusu siyasi orduya çevriləcək. Ordumuz ədalətsiz savaş uğrunda mübarizə aparmaq üçün heç kimdən pul almayıb. Bu, öz-özünü yaratmış inqilabi idealın idarə etdiyi xalq ordusudur. Müqavimət ordusu həmişə xalqın yanında olmalıdır.
Müqavimət ordusu doğulanda ictimai düşüncə çox bulanıq idi. Kəndlər haqda yanlış təəssüratlara sahib olan şəhər kökənli insanlar çoxluq təşkil edirdi. Kəndlilər arasında böyük dəstəyimiz vardı. Problemlərini öyrəndik, köhnə mülkiyyət borclarından qurtulmaq istədiklərini anladıq. Bütün bunlar sosial düşüncələrimizi dəyişdirməyimizə və formalaşdırmağımıza səbəb oldu.
Liderlər və insanlar bir-birinin cazibəsinə qapıldı. Əslində bu inqilabi hərəkat başqalarından fərqlənmirdi. Çünki xalq həmişə ona öyrədilənləri qavrayır, həmişə ədalətli savaşları müdafiə etməyə hazırdır.
- Müqavimət ordusunun adını mövcud vəziyyətə uyğun olaraq dəyişdirmək lazım deyilmi?
- Bu adı Syerra Maestrada razılaşdırdıq, uğrunda mübarizə apardığımız məqsədlər dəyişmədiyi üçün hələlik dəyişdirməyi planlaşdırmırıq. Hələ qəti qələbə qazana bilmədiyimiz üçün yenə də eyni müharibənin içindəyik.
- İnsanlar niyə silahlıdır? Fidel Kastro “Silahlar nəyə lazımdır?” deməmişdimi?
- Hazırda gəzdirdiyimiz silahlar inqilabı müdafiə etmək üçündür. Bütün düşmənlərimiz bilməlidir ki, bizə hücum olsa, mübarizə aparacağıq.
- Diktatura dövründə mətbuatın mövqeyi necə idi?
- Mənə çətin suallar verirsiniz! Amma sizə səmimi cavab verəcəyəm: mətbuatın mövqeyi çox boş idi. Buna xəyanət və ya düşmənçilik yox, zəiflik və ya boş demək olar. Təəssüf ki, jurnalistlər yalnız hökumətin “yaz” dediklərini yazdılar. Bəzilərinin maddi vəziyyəti çox yaxşıydı. Bir tərəfdən yazırdılar, digər tərəfdən də hökumətdən çeklərini alırdılar.
- İnqilab tərəfdarları kimlərdir?
- İnqilabçı hökumətin iki əsas müttəfiqi var: fəhlələr və kəndlilər. İnqilabın bütün siniflərin maraqlarını qoruduğunu düşünmək yanlış olardı. Amma zənginlərə hücum da etməyəcəyik. Əksinə, işçi ilə işəgötürən arasındakı münasibətləri tənzimləmək istəyirik. Çox böyük mirasları ələ keçirmiş və çox geniş torpaq sahələrinə sahib olanların heç bir şansı yoxdur: onlar inqilabın ağırlığını hiss edəcəklər. Xaricdə sərmayə qoyan və vaxtilə hökumətin razılığı ilə torpaq oğurlayan əcnəbi zənginlər inqilabın silləsindən qaça ilməyəcəklər.
- Hökumətin ABŞ-Latın Amerikası ortaq bazarında mövqeyi necə ola bilər?
- Çox çətin problemlə üz-üzəyik, bu, ABŞ-ın yaratdığı problemdir. Həmişə boykot edirlər. Ticarətdə onlarla rəqabət apara bilmərik, amma inanıram ki, hətta ortaq bazar olmadan da Kubanı ədalətli cəmiyyətə və iqtisadi cəhətdən güclü xalqa çevirə bilərik. Ortaq bazar müzakirə mövzusu olarsa, iqtisadi gücümüz daha da artacaq.
- Seçkilər nə vaxt keçirilə bilər?
- Seçkilər uyğun vaxtda keçiriləcək. Bu gün xalq əvvəlcə inqilab istəyir, sonra seçkilərin də vaxtı çatacaq.
- Seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi?
- İnqilabdan ayrılsam, bu, 26 İyul Hərəkatı istədiyi üçün olacaq. Yaşıl formamdan heç vaxt imtina edə bilmərəm. O da olsa, müvəqqəti olaraq çıxara bilərəm. Belə bir niyyətim yoxdur.
- Sizin nəzərinizdə demokratiya nədir?
- Çoxluğun azadlıqlardan tam istifadə etdiyi bir sistem. Amma mütləq azadlığın müəyyən sərhədləri var və bu məhdudiyyətləri də insanların özləri təyin etməlidir.
- Səhhətiniz necədir?
- Özümü çox yaxşı hiss edirəm. Amma iyirmi doqquz ildir ki, yanımdan ayrılmayan bir yoldaşım var: astma. Zaman-zaman əsəbiləşsə də, yaxşı yola gedirik.