19 Sentyabr 19:27
238

Hər bir dövlətin qüdrəti onun ziyalı potensialı ilə ölçülür. Hər bir xalqı isə müasir dünyaya inteqrasiya uğrunda apardığı yarışda qalib çıxaran onun elmi, zəkası, ziyalısıdır. Azərbaycanda buna qadir olan ziyalı qüvvəsi var. Müxtəlif sahədə çalışan qadınlar öz səmərəli fəaliyyətləri, ciddi axtarışları ilə elmimizin şöhrətini dünyaya yayırlar. Buğunun gənc tədqiqatçıları onların elmi irsini, zəngin təcrübələrini həvəslə öyrənirlər. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Qoyub getdiyi xeyirxah əməllərində, onu sevənlərin, dəyərləndirənlərin qəlbində əbədi iz qoyur. Bu əbədiyyəti Aida xanım hələ sağlığında qazanmışdı.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə Komitənin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, görkəmli alim, tanınmış şərqşünas, eyni zamanda tərcüməçi, müəllim kimi də fəaliyyət göstərmiş Aida xanım İmanquliyeva məhz belə əvəzolunmaz insanlardan idi: ”Onun həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqındakı xatirələri oxuduqca qarşımızda sadə, humanist, xeyirxah və əvəzolunmaz bir şəxsiyyət, mədəni, intellektual, iradəli bir qadın obrazı canlanır. Yaşadığı mənalı ömür Aida xanıma əbədilik qazandırmış, qibtə olunacaq bir insan kimi yaddaşlara həkk etmişdir. Milli köklərə bağlı olan bu nəcib qadın xalqının rifahı, maariflənməsi, dövlətinin tərəqqiyə nail olunması üçün ömrünün sonuna kimi yorulmaq bilmədən çalışmış, həyatını bu amal uğrunda səmərəli şəkildə sərf etmişdir”.

Millət vəkili vurğulayıb ki, görə, həyat və yaradıcılığı hər bir azərbaycanlı üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Aida İmanquliyeva milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır: “Kitabları dönə-dönə oxunub tərcümə olunaraq dünyaya yayılan tanınmış alimin ideya və amalı gənc nəsil üçün bir örnəkdir. Onun xatirəsinə və fəaliyyətinə həsr edilən müsabiqələr təşkil olunur, əsərlər yazılır”.

Hicran Hüseynova xatırladıb ki, bu gün Aida xanımım anım günüdür: “Aida xanımın ömrü qısa olsa da, o, özündən sonra gözəl övladlar, zəngin ədəbi irsi, daxili zənginlik və kübarlıq adlı mənəvi dünyasını irs qoyub getdi. Tanınmış pedaqoq, alim və ictimai xadim Aida xanımın xatirəsi onu tanışanların qəlbində həmişə yaşayacaqdır. Əziz xatirəsini böyük ehtiramla anır və bir daha Allah rəhmət diləyirik. Bu gün könül xoşluğu ilə deməliyik ki, Aida xanımın ruhu şaddır, çünki onun nəcib əməllərini yaşadan, davam etdirən övladları, nəvələri var”.


Müəllif: Tapdıq Qurbanlı