Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Qeyd edib ki, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.
"Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2021-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb" - deyə baş prokuror qeyd edib.