Yanvarın 5-dən etibarən ölkənin ali təhsil müəssisələrində 2021-2022-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. İmtahan sessiyasını izləmək üçün media nümayəndələrinin Azərbaycan Texniki Universitetinə (AzTU) mediaturu təşkil olunub.
Teleqraf.com xəbər verir ki, mətbuat nümayəndələri ilə yanaşı, mediaturda AzTU-nun İctimai Şurasının üzvləri və tələbələrin valideynləri iştirak ediblər.
Rektor Vilayət Vəliyev jurnalistlərə açıqlamasında bildirib ki, universitetdə imtahanların keçirilməsi üçün 75 auditoriya ayrılıb. Onun sözlərinə görə, ayrılan auditoriyalarda imtahan prosesi videokameralar vasitəsilə izlənilir: “İmtahanlar əsasən test və şifahi yolla təşkil olunsa da, yazılı imtahan verən tələbələr də var. İmtahanların yazılı, şifahi və test üsulu ilə aparılması pandemiyadan sonra tələbələrimizin daha çox adaptasiya olması ilə bağlıdır. Sessiya dövründə 7 tələbə COVID-19-a yoluxub və təcrid ediliblər. Bu və başqa üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə fevral ayının 2-dən sonra 10 gün ərzində təkrar imtahanlar təşkil olunacaq. İmtahanlarda tələbələrin mənimsəmə faizi orta hesabla 96 faizə yaxındır. Bu da sübut edir ki, bu semestr tələbələrimiz kifayət qədər yüksək nəticə göstərəcəklər”.
Tələbələrin böyük qisminin test üsulu ilə imtahanlara meyilli olduğunu deyən Vilayət Vəliyev bir qism tələbələrin də yazılı imtahanlara maraqlı olduqlarını bildirdi: “Belə görünür ki, gələcək üçün imtahanların qarışıq üsulu daha əhəmiyyətlidir. Bu imtahanlar tələbələr arasında rəqabət artırılmasına, eyni zamanda kəsirlərinin azalmasına xidmət edəcək. Əsas məqsəd ondan ibarətdir ki, kəsilən tələbələrin sayının azaldılmasına xidmət edən və yüksək təhsili təşviq edən imtahan prosesinə keçməliyik”.
Rektor əlavə edib ki, dördüncü kurs tələbələrin istehsalat təcrübəsi ilə bağlı ciddi əməkdaşlıqlar aparılır: “Xüsusilə energetika, IT sektorunun inkişafı istiqamətində məsələlərlə bağlı ciddi addımlar atılıb. Müdafiə Sənayesi Nazirliyinin ayrı-ayrı qurumlarında auditoriyalarımız formalaşıb. Artıq imtahanlarımızın bir qismi də İqlim İstehsalat Birliyində aparılır”.
Dərs vəsaitləri ilə bağlı çox ciddi problemlərin olduğundan söz açan Vilayət Vəliyev qeyd edib ki, yeni tədris ilindən müasir kitabxana fəaliyyətə başlayacaq: “Bizim artıq kitabxana konsepsiyamız hazırdır. Texnologiya Sisteminin Tədqiqatları mərkəzi formalaşdırmışıq. Artıq hazırda bir qism xarici ədəbiyyatların seçilərək tərcüməsi aparılır. Tədrisin keyfiyyətinin artırılması ilə bağlı 2021-2030-cu illər üzrə strateji inkişaf proqramımız var. Həmçinin, laboratoriya kompleksinin hazırlanması tələblərin daha çox əmək bazarına istiqamətlənməsi üçün əhəmiyyətli prosesdir. Bununla bağlı işlər sürətli aparılır”.
AzTU-nun İctimai Şurasının üzvü Osman Gündüz jurnalistlərə açıqlamasında bildirdi ki, tələbələrin sessiya hazırlıq dövründə Azərbaycan dilli resurslara əlçatımlılıqla bağlı müəyyən çatışmazlıqlar müşahidə edilib: “Müşahidlərimiz göstərdi ki, universitetdə imtahana hazırlıqla bağlı müəyyən tədbirlər həyata keçirilib. Hər dəfə ictimai nəzarətin yekununda görülən işlər, problemlər və çatışmazlıqları müzakirə edirik. Tələbələrlə söhbətləşdik, imtahana hazırlıq üçün materialları necə əldə etdiklərini soruşduq. Bəziləri internetdən tapdıqlarını, bəziləri müəllimin kömək etdiyini, bəziləri kitabxanadan tapdığını dedi.
Fikrimcə, tələbələr təkcə müəllimin mühazirəsindən kifayətlənməli deyillər. Əlavə resurslardan istifadə etməlidirlər. Universitetdə Azərbaycan dilli resurların sayı artırılmalı, onlayn kitabxana zənginləşdirilməlidir. Ümumi baxdıqda, görülən işləri qənaətbəxş hesab etmək olar”.
Bir neçə ildir AzTU-nun İctimai Şurasının üzvü olan Rəşad Məcid isə universitetdə bir çox müsbət dəyişikliklərin olduğunu vurğuladı: “İmtahanlarda ciddi narazılığın şahidi olmadıq. Bu cür imtahanların gedişi tələbələrdə daha çox hazırlıqlı olmaq, daha çox oxumaq vərdişi aşılayır. Bir neçə il əvvəllə müqayisədə universitetdə yeni tədris üsulu diqqəti cəlb edir. Belə ictimai nəzarətin olması çox vacib və müsbət haldır. Gənc kadrlar çalışması, universitetin rəhbərliyinə yerli və xarici savadlı alimlərin dəvət olunması təqdirəlayiq hadisədir. Bununla yanaşı, magistrların bakalavrlara dərs deməsinin yeni nəsil müəllimlərin yerdəyişməsində rolu var”.
Qeyd edək ki, 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 5-dən fevralın 5-dək üç növbədə davam edəcək.
Prosesdə imtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə və Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na riayət olunur. İmtahanlarda iştirak edən bütün tələbələr maska və digər qoruyucu vasitələrlə təmin olunur.