28 Noyabr 2014 12:08
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən bütün ölkəni əhatə edəcək bu proses nə vəd edir?

“Əvvəllər pulsuz dərmanları qeydiyyatda olduğum 10 saylı poliklinikadan alırdıq. Amma indi gedirik poliklinikaya, deyirlər şəhər xəstəxanalarına gedin, ya da xəstəliyə görə hansı xəstəxanada qeydiyyatdasınız oradan ala bilərsiniz. Qalmışıq poliklinika ilə xəstəxananın arasında”.

Bunu deyən Bakı şəhər, Binəqədi rayon sakini Zeynəb Məmmədovadır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən şikayətçi deyir ki, bu qəbildən olan xəstələrə verilməli olan dərman preparatlarını aptekdən pulla alır: “On beş ildən çoxdur ki, şəkərdən müalicə olunuram. Pulsuz dərman almaqdan ötrü əziyyət çəkirəm”.

Qeyd edək ki, bu ilk belə hadisə deyil. Bir çox xəstələr var ki, pulsuz dərman ala bilmir və bunun səbəbini poliklinikalara, tibb məntəqələrində pulsuz dərmanların verilməsinin dayandırılmasında görür. Hazırda bəzi rayonlarda pulsuz dərmanları mərkəzləşdirilmiş qaydada rayon mərkəzi xəstəxanasından almaq mümkündür.

“Səhiyyə xərclərini artıra biləcəyik”

Cari ildən start götürən bu proses gələn ildən bütün ölkəni əhatə edəcək. Yəni gələn ildən ölkədə dərman preparatları və sarğı materiallarının alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Bu barədə millət vəkili Əhliman Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, bu qayda keyfiyyətli dərman preparatlarının artımına səbəb olacaq: “Çox təqdirəlayiq haldır ki, xəstəxanalarda dərman və sarğı vasitələri büdcədən ayrılan vəsaitlə alınacaq”.
Ə.Əmiraslanov qeyd edib ki, ölkədə adambaşına düşən səhiyyə xərcləri aşağıdır: “Biz bunu dövlətdən gözləməməliyik. Məncə, ”İcbari tibbi sığorta" ilə bağlı mühüm addımlar atılıb və yaxın zamanlarda bu, tətbiq olunacaq. O zaman biz adambaşına düşən səhiyyə xərclərini artıra biləcəyik".

“Xəstələr keyfiyyətli dərmanla təmin olunacaq”

Səhiyyə Nazirliyindən də bu ildən başlayaraq ölkə üzrə dərmanların mərkəzləşdirilmiş qaydada təchizatına başlanıldığını deyirlər. Nazirliyin məlumatına görə, dərman təchizatının yaxşılaşdırılması məqsədilə stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb: “Azərbaycanda səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən və özünü doğrultmayan tibb müəssisələrinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması, strukturunun optimallaşdırılması sahəsində islahatlar aparılıb. Nəticədə respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz ixtisar edilib və iqtisadi baxımdan səmərəli hesab edilməyən 40 faizə yaxın stasionar müəssisə bağlanıb, əvəzində isə yeni ilkin səhiyyə müəssisələri yaradılıb.

Bu yeniliklər həm də xəstələrin sayını müəyyənləşdirməyə yardım etməklə bərabər onların keyfiyyətli dərman preparatları ilə təmin olunmasına da şərait yaradır".

“Heç kəs təminat verə bilməz ki...”

Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mətləb Verdiyev deyir ki, əslində dərmanların xəstələrə mərkəzləşdirilmiş qaydada verilməsi sovet dönəmində də mövcud olub. Onun sözlərinə görə, bu güzəştli xəstələrin sayının dəqiqləşdirilməsi üçün də vacib idi: “Paytaxtın müxtəlif nöqtələrində apteklər mövcud idi və həmin apteklərdə xəstələrin güzəştli kateqoriyası üçün dərmanlar verilirdi. Sonra məlum olduğu kimi, sistem dəyişdi, özəl apteklər fəaliyyətə başladı, pulsuz səhiyyə sistemi ləğv olundu, beləliklə, struktur dəyişdi. İndi isə yenidən həmin məsələni gündəmə gətirirlər. Bu həkimlərlə aptek rəhbərliyinin işbirliyinə təsir edə bilər. Düzdür, bunun qarşısını tam olaraq almaq mümkün deyil, amma qismən təsir edə bilər. Yəni on nəfər xəstənin belə faydalanması müsbət haldır”.

Bununla belə, ekspert deyir ki, heç kəs təminat verə bilməz ki, güzəştli dərman bazası dolu olacaq və xəstə istədiyi vaxt dərmanla təmin olunacaq.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər