"Çox önəmli bir gündə toplanmışıq. Sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür. Ermənilərin Azərbaycan xalqına qarşı 200 illik soyqırım və işğalçılıq siyasəti həyata keçirib. Ermənilərin törətdiyi cinayətlərin, soyqırımların davam etdiyi bir dönəmdə - 104 il bundan öncə Nuri Paşa komandılığında Türk İslam Ordusu Azərbaycanın səsinə səs verərək gəldi və ölkəmizin Qafqazda varlığını təmin etdi".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Türkiyə-Azərbaycan əlaqələrinin dünəni və gələcəyi" simpoziumunda Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı deyib.
O qeyd edib ki, 30 il bundan öncə bu yola çıxanda bir məqsədi olub: "Biz Türkiyə-Azərbaycan qardaşlığına və birliyinə inanmış insanlarıq. Yolumuza daş qoymaq, iki dövlət arasında əlaqələrin önünü kəsmək istəyən bir çox qonşu dost və düşmən ölkələrin əlamanları oldu. Amma biz bu günün gələcəyinə inancla bağlı idik.
Bu gün hər kəs Türkiyə-Azərbaycan birliyinin türk dünyasında bir ümid olduğunu gördü. Şükürlər olsun ki, zaman 44 günlük Vətən müharibəsinə baş qoyanların hamısını haqlı çıxardı. Bu zəfər buna görə önəmlidir.
Bu gün Qafqazda Azərbaycan türkünün var oluşu canını və qanını verərək bizim üçün şəhid olan türk əsgərlərinə, türk şəhidlərinə borcludur. Ona görə də biz Türkiyə-Azərbaycan bayraqlarının heç zaman enməyəcəyinə, bir-birindən vaz keçməyəcəyinə inanmışıq. Azərbaycan və Türkiyənin bir yerdə daimi olacağına inanmışıq.
Bunun üçün simpoziumlar təşkil etmişik, bütün türk dünyasından sənət insanlarını Azərbaycana gətirib bir-birini tanımasını və qovuşmasını istəmişik. Bu tanışlıqlar bu milləti bir-birinə daha çox bağlayacaq".
Tənzilə Rüstəmxanlının sözlərinə görə, 104 ildən sonra ermənilərin törətdiyi cinayətlər üzündən Azərbaycan yenə də acı yaşamaqdadır: "Şəhidlərimiz var. Yenə də Nuri Paşanın nəvələri yolunda olanlar Azərbaycanın bu acılı günündə ölkəmizə gəliblər. Başımız sağ olsun deyirəm. Bu ağrılar, acılar bizi bir-birimizə daha çox bağladı. Bu olaylar böyük zəfəri qazan Azərbaycan xalqının ruhunu öldürə bilməz. 200 yüz ildən sonra ilk dəfədir türk milləti itirdiyi torpaqları geri aldı. Biz bunun şərəfini yaşayan millətik".