3 Oktyabr 2022 15:05
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ustalar işlədikləri işə görə zəhmət haqlarını ala bilmirlər.

Bu barədə Teleqraf.com-a məlumat verən narazılar “Luxury” tikinti şirkətinin məsul şəxsi Pərvin Mahmudov tərəfindən aldadıldıqlarını iddia edirlər.

Ustalar Rəşad Məmmədov, Sönməz Ağayev, Füzuli Ağayev, Ramazan Xəlilov və digərləri 2022-ci ilin yayında “Luxury” şirkətinin tikinti layihələrində çalışdıqlarını bildirirlər. Onlar Zığ yaşayış massivi, Binəqədi və İsmayıllı rayonlarında tikinti işlərində çalıblar. Kafel-metlax, alçipan, hörgü və başqa işlər həyata keçiriblər. Nəticədə şirkətin 6 ustaya ümumilikdə 8 min manata qədər borcu yığılıb.

“Borcu istədikdə isə, Pərvin Mahmudov hər dəfə bir bəhanə ilə vaxtı uzadıb. Demişdi ki, sentyabr ayında verəcəm. Sentyabrda zəng edik, dedi ki, xəstəyəm, ayın sonu verəcək. Ay bitdi, vermədi. İndi də deyir ki, torpağımı satıb pulunuzu ödəyəcəm. Axı bizim də ailəmiz, problemlərimiz, xərclərimiz var. Alnımızın təri, əlimizin qabarı ilə pul qazanırıq, onu da vermirlər, bizi aldadırlar, get-gələ salırlar. Sizdən xahiş edirik ki, zəhmət haqlarımızın alınmasında bizə köməklik göstərəsiniz”, - deyə ustalar qeyd edirlər.

Şikayətçilər həmçinin yaxın günlərdə polisə müraciət edəcəklərini bildirirlər: “Pərvin Mahmudov bizə başqa çıxış yolu qoymur. Biz artıq ona inanmırıq”.

Məsələ ilə bağlı Pərvin Mahmudovun özü ilə də əlaqə saxladıq.

O, ustalara borclu olduğunu etiraf etdi: “Bu borc mənim borcumdur və borcumu ödəyəcəyimə dair Daxili İşlər Nazirliyinə rəsmi məktub göndərmişəm. Mənə möhlət verilməsini, ailəmi və özümü hədələməmələrini xahiş etmişəm. Daxili İşlər Nazirliyindən mənə cavab da gəlib. Özüm DİN İctimai Təhlükəsizlik İdarəsinə yaxınlaşıb borcum barədə məlumat vermişəm. Bu işlə bağlı kim mənə SMS yazıb, zəng edirsə, hamısını polisə təqdim etmişəm. Ustalara da demişəm ki, pul əldə edənə qədər məni narahat eləməsinlər. Torpağımın sənədi hazır olan kimi satıb onların pullarını qaytaracam. Ustalar da bilirlər ki, mən xəstəyəm. 90 gündür yatıram. Buna baxmayaraq əlimdəki yeganə torpağı satıb pullarını ödəyəcəm.

Ustalar da mənim kimi aidiyyəti orqanlara müraciət edib hüquqlarını müdafiə etsinlər”.


Müəllif: Teleqraf.com