Bakıda sinif otağında şagirdlərin yemək bişirməsinə şərait yaradan məktəb direktoruna şiddətli töhmət verilib.
Bu barədə Teleqraf.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı yayılan videogörüntü ilə əlaqədar İdarə araşdırma aparıb: "Araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib".
Qeyd edək ki, müvafiq videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.