12 Dekabr 2014 14:07
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr ayının 10-dan Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə İxracatçılar Məclisinin ev sahibliyi ilə “Sabahın dəyişən ssenarisi: mürəkkəbliyi dərk etmək və dialoqları inkişaf etdirmək” mövzusunda 5-ci Bosfor Sammiti öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, sammitdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.

Xatırladaq ki, zirvə toplantısının ilk iclası 21 ölkənin iştirakı ilə keçirilib və son 4 ildə daha 55 ölkə bu sammitin iclaslarına qoşulub.

Zirvə toplantısının bu dəfəki iclasında 70 ölkəni təmsil edən dünya liderləri, yüksək rütbəli dövlət məmurları, dünyanın tanınmış investisiya şirkətləri və 100-dən artıq özəl şirkətin rəhbərləri qatılıb. Eyni zamanda, toplantıda şahzadə Mohammad Al Faisal Al Saud, Böyük Britaniyanın keçmiş maliyyə naziri Lord Norman Lamont, Küveyt şahzadəsi Şeyx Farihah Al Ahmad Al Jaber Al Sabah, Pakistanın sabiq baş naziri Şaukat Əziz iştirak edirlər.

Sammitdə investisiya imkanlarının araşdırılması, yeni bazar prinsipləri, İslam bankçılığı və dünyada dinamik dəyişən cəmiyyətin digər problemləri kimi məsələlər ilə bağlı dəyirmi masalar təşkil edilib. Zirvə toplantısını Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti Abdullah Gül açıb. Eks-prezident dünyada baş verən qlobal siyasi dəyişikliklərin iqtisadiyyata təsiri, İslam ölkələrinin iqtisadi inteqrasiya məsələləri və perspektivləri haqqında çıxış edib və 5-ci Bosfor Zirvə Toplantısına uğurlar arzulayıb.

Daha sonra iclas işini dəyirmi masalar üzrə davam etdirib, “Son transformasiya mühitində Orta Asiya, Avropa və Şimali Afrikada inamlı və etimadlı iqtisadiyyatı necə qurmalı?”, “Qlobal ticarət və investisiya şəraitində paradiqm və yeni dinamika”, “İnfrastruktur layihələrinin maliyyələşdirilməsi”, “G20-Dayanıqlı gələcək üçün qərarlar platforması”, “Dayanıqlı gələcəyin maliyyələşdirilməsi və Dünya Bankının gələcəyi” mövzuları müzakirə olunub.

Bu mövzular çərçivəsində iqtisadi böhran, ölkələrin inkişaf strategiyası, maliyyə koordinasiya sistemləri, investisiya fondunun idarə olunması, ödəmə sistemlərinin mövcud vəziyyəti və perspektivləri, rəqabət mühitinin formalaşdırılması və böyük ölkələrin iqtisadiyyatı kimi məsələlərə aydınlıq gətirilib. Eyni zamanda, son zamanlar dünyada enerji resurslarının idarə olunması prinsipləri və neft, neft məhsullarının ixracatının planlaşdırılması aktual problemlər kimi qeyd olunub. Üçüncü ölkələrin iqtisadi problemləri, iqtisadi böhranlarla qarşılaşmaq məsələləri və bu istiqamətdə siyasətin formalaşması bu günün əsas idarəetmə problemlərinə səbəb olub. Dəyirmi masalar zamanı Dünya Bankının və mərkəzi bankların araşdırmaları, sosial layihələrin maliyyələşdirilməsi prinsipləri, iqtisadi böhran şəraitində bankçılıq siyasəti kimi mövzular da yer alıb. Qeyd edilib ki, dünyanın dinamik inkişafı ilə bərabər pul dövriyyəsinin daha da artması həmin regionda yeni siyasətin formalaşmasına gətirib çıxarıb.

Qlobal maliyyə idarəçiliyində və ticarət dövriyyəsinin artırılmasında risklərin azaldılması əsas meyarlar kimi məruzəçilərin müzakirə məsələsi olub.

Məruzələrdə qeyd edilib ki, pul transfer sistemləri, onun çevikliyi və iş prinsipi dünya iqtisadiyyatına böyük təsir imkanlarına malikdır. İqtisadiyyatda olduğu kimi keçən əsrin ödəmə sistemləri və pul köçürmələrinin surətləri ilə müqayisədə bu günkü sistemlərə qoyulan tələblər çox fərqlidir. Ticarətin ödəmə və pul köçürmə sistemlərindən asılılığını azaltmaq əsas məsələlərdən biri kimi qiymətləndirilib. Bu səbəbdən mərkəzi bankların fəallığı və onların kredit siyasəti əsas məsələlərdən biri kimi vurğulanıb. Qeyd edilib ki, mərkəzi banklar tərəfindən böyük layihələri dəstəkləmək, mərkəzi banklar arası əməkdaşlıq və qlobal regional layihələrin birgə dəstəklənməsi hökumətlərarası əməkdaşlığın möhkəmlənməsinin əsasını təşkil edir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər