Millət vəkili Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında “Siyasi Partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, bu sənədin qəbulu islahatların inkluzivliyini genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək.
Teleqraf.com xəbər verir ki, deputat plenar iclasadək layihəyə 70 düzəlişin edilməsinin demokratik müzakirə mühitindən xəbər verdiyini söyləyib.
Vüqar Bayramov qanun layihəsinin təkmilləşdirilməsi üçün bir sıra təkliflər ilə çıxış edib.
O, partiayaların sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını təklif edib. Deputat eyni zamanda seçkilərdə etibarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürələcək vəsaitin artırılmasını təklif edib. O qeyd edib ki, 2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər. Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı.