“Dünən və bir neçə müddət öncə biz Fransa və burada vacib məsələ ətrafında müzakirə aparmışıq. Bunu parlamentdə qaldırmaq vacibdir. Heç kimin ixtiyarı yoxdur ümumbəşəri məsələləri özəlləşdirsin, demokratiya və insan haqları haqqında təkbaşına dərs keçsin”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən komitə sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, Azərbaycana dərs verən Fransa öz daxilində bu dəyərləri başdan-ayağa pozur:
“İnsan haqları, elementar qanun aliliyiy ilə bağlı hədləri aşan Fransa Korsikada insanların hüquqlarını tələb etməsinə sərt cəza tədbirləri ilə cavab verir. Korsikada insanlar öz dilində danışa bilmir. Halbuki insanlar öz dilində danışmaq istəyir. Fransa insanları həbsxanalara doldurur, işgəncə verir. İnsanların demokratik istəklərini boğur, rəqiblərini həbsxanalarda öldürürlər. Hazırda bu işlərlə bağlı istintaq da gedir, bəllidir ki, necə yekunlaşacaq... Fransa Azərbaycan içində separatçı qüvvələri dəstəkləməyə və öz daxilində insan haqlarını pozmağa haqqı yoxdur.
Biz Fransanı Korsikada insan haqlsarını qorumağa çağırırıq. Bu məsələni bütün beynəlxalq təşkilatlarda, eləcə də BMT-də qaldırmaq lazımdır. Çünki Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür”.
Səməd Seyidov əlavə edib ki, artıq Azərbaycan fəqli ölkədir: “Biz illər boyu görürdük ki, ikili standartlarla, subyektiv yanaşma ilə hansı iddialar irəli sürürlər. Bu gün fərqli Azərbaycan var. Güclənən, torpaqlarını işğaldan azad edən Azərbaycan. Bu gün dünyaya güclü Azərbaycan lazımdır. Fransa kimi dövlətlər bilməlidir ki, biz sözümüzü deyəcəyik, hər bir azərbaycanlı olaraq səsimizi qaldıracağıq”.