Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının ərazisində mülki müdafiə tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, eləcə də 2022-ci ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda mülki müdafiə işinin təşkilinə dair görülmüş işlərin təhlili və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər idarə, müəssisə və təşkilatların mülki müdafiə qərargah rəisləri və ya mülki müdafiə işinə məsul şəxslər iştirak ediblər.
Müşavirədə çıxış edən Baş idarənin əməkdaşları ölkə ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları, o cümlədən mülki müdafiə işinin təşkili ilə bağlı 2022-ci il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə geniş məlumat verib, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirənin sonunda keçirilmiş kompleks mülki müdafiə təlimlərinə dair videoçarx nümayiş olunub və mövzu ətrafında suallar cavablandırılıb