Bu gün Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı olub.
APA-nın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Mərkəzinin yeni inzibati binasının rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
Tibb Mərkəzinin yeni inzibati binası zirzəmi və üç mərtəbədən ibarət olmaqla ən müasir standartlara uyğun inşa olunub, bina ən son tibbi avadanlıqlarla təchiz edilib. Zirzəmidə şüa-diaqnostika bölməsi, laboratoriya bölməsi, EKQ, EXOEKQ kabineti, cərrah otağı, aptek, sterilizasiya, anbarlar və digər köməkçi otaqlar yerləşir.
Şüa-diaqnostika bölməsində rentgenskopiya, rentgenqrafiya, flüoroqrafiya, dental ortopantomoqrafiya, dental 3D kompüter tomoqrafiyası və ultrasəs müayinələri aparılır.
Laboratoriya bölməsində qanın ümumi və biokimyəvi analizi, qanda test və immunoferment üsulu ilə infeksiyaların təyini, infeksiyaların polimeraz zəncir reaksiyası üsulu ilə təyini və digər analizlər aparılır.
Birinci mərtəbədə Mərkəzin inzibati hissəsi və Poliklinika şöbəsi, ikinci mərtəbədə nazirliyin Xüsusi Həkim Ekspertiza Komissiyası, plazmaferez, stomatologiya, fibroqastroduodenoskopiya və kolonoskopiya kabineti və Mərkəzin Stasionar şöbəsinin terapiya bölməsi, üçüncü mərtəbədə isə Mərkəzin Stasionar şöbəsinin cərrahiyyə bölməsi, 5 çarpayıdan ibarət reanimasiya və intensiv terapiya bölməsi, üç əməliyyat otağından ibarət əməliyyat bloku və mətbəx yerləşir.